"Kölgə dəniz donanmaları" – dövlətlər qaçaqmalçılar rolunda - ŞƏRH

Analitika
  • 09 yanvar, 2026
  • 16:07
Kölgə dəniz donanmaları – dövlətlər qaçaqmalçılar rolunda - ŞƏRH

ABŞ sahil mühafizə xidməti Şimali Atlantikada Rusiya bayrağı altında üzən "Marinera" (keçmiş "Bella 1") adlı neft tankerini yanvarın 7-də saxlayıb. O, iki həftədən çox təqib edilib.

ABŞ Prezidenti Donald Tramp müsahibəsində neft tankerinin ələ keçirilməsindən danışarkən deyib ki, orada Rusiyanın hərbi gəmiləri - sualtı qayıq və esmines olub: "Biz çatanda hər ikisi çox tez yola düşdü və biz gəmini ələ keçirdik, neft hazırda boşaldılır".

O, məsələ ətrafında rusiyalı həmkarı ilə danışıb-danışmadığı barədə suala cavab verməkdən imtina edib.

Moskvanın dünyanın digər ucunda tankerin problemlərinə bu səviyyədə cəlb olunması təsadüfi deyil. "Sistema" və "Radio Azadlıq" jurnalistlərinin araşdırmasına görə, tanker Kremlin uzunmüddətli müttəfiqləri ilə - keçmiş Ukrayna deputatı Viktor Baranski və qaçaq Moldova oliqarxı İlan Şorla əlaqəli olub.

Qeyd edək ki, "Marinera"nın sahibi də dəyişib. Əvvəllər o, ABŞ sanksiyaları altında olan Türkiyə şirkətinə məxsus idi. Sonra onu Ryazandakı "Burevestmarin" şirkəti əvəzləyib. Bu şirkət 2025-ci ilin iyulunda qeydiyyata alınıb, o vaxtdan bəri baş direktoru və yeganə sahibi kimi Çitada doğulmuş 39 yaşlı İlya Buqay çıxış edir.

Buqay, həmçinin yanacaq tədarükü, o cümlədən tankerlərlə daşınma ilə məşğul olan Moskvanın "Rusneftehimtorg" şirkətinə rəhbərlik edir.

Oliqarx İlan Şor Moldova siyasətində "Moskvanın əli" sayılır. Bununla belə, biznesmenin özü çoxdan Moldovadan kənarda yaşayır - orada o, ölkənin bank sistemindən bir milyard dollar çıxardığı üçün qiyabi olaraq 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Şor Rusiyada məskunlaşıb, vətəndaşlıq alıb və indi Kremlə kriptovalyuta vasitəsilə maliyyə sanksiyalarını aradan qaldırmağa kömək edir.

Bu gəmi "Rusiyanın kölgə donanmasına" məxsus sayılır. Tankerlər iki vəzifəni yerinə yetirmək üçün Venesuela limanlarına gəlir. Onlar ölkədən neft və neft məhsullarının ixracı və Karakasa nafta (ağır və həddindən artıq ağır Venesuela neftinin durulaşdırılması üçün istifadə olunan məhsul) tədarük ediblər.

Araşdırmalara əsasən, təxminən eyni vaxtda Çin Venesueladan neft məhsullarının əsas alıcısına çevrilib. 2024-cü ildə ABŞ və Çin Venesueladan neft idxalında təxminən bərabər paya malik idisə, 2025-ci ildə Çinin payı təxminən 75 faiz təşkil edib. Venesuela hesabına Pekin öz neft tələbatının 4 faizinə qədərini ödəyirdi.

Odur ki, aparılan araşdırmalara əsasən, ötən ilin sonlarında bu Latın Amerikasının sahillərində tankerlərin belə hərəkət etdiyi məlum olub: tankerlər ölkəyə Rusiya naftası gətirir, Venesuela nefti durulaşdırılır, başqa gəmilər isə onu Çinə çatdırır.

Bildirilib ki, bu əməliyyatlara müxtəlif ölkələrin bayraqları altında və müxtəlif gəmi sahiblərinə məxsus tankerlər cəlb edilib.

Rusiya və İranla əlaqəli tankerlər sanksiya altında olduqları üçün bu məqsədlə başqa bayraqlar altında neft qaçaqmalçılığı ilə məşğul olub.

Ötən ilin dekabrında ABŞ lideri Donald Tramp Venesuelanın dəniz blokadasına alındığını elan etdi. Bundan bir həftə əvvəl isə ABŞ-nin Sahil Mühafizə Xidməti Qayana bayrağı altında üzən "Skipper" supertankerini Venesuelanın Port Xose limanını tərk etdikdən dərhal sonra saxlamışdı. Məlum olub ki, 2025-ci il ərzində bu tanker Venesuela və İran limanlarından neft məhsulları daşıyıb, Çinə üzüb. 2022-ci ildən isə ABŞ ona sanksiya tətbiq edibmiş.

2025-ci il dekabrın 20-də isə sanksiya altında olmayan "Centuries" tankerini ABŞ Sahil Mühafizə Xidməti əməkdaşları saxlamış, bəyan etmişdilər ki, gəmiyə yasaq tətbiq edilməsə də o, sanksiya altında olan Venesuela neftini daşıyır. Tankerdəki neftin Çin şirkəti tərəfindən alındığı bildirilmişdi. Onda rəsmi Pekin buna etiraz etmişdi.

Ötən ilin sonunadək Venesuela limanlarında ABŞ tərəfindən ələ keçirilmək riskindən ehtiyatlandıqları üçün ölkə sahillərini tərk edə bilməyən 16 tanker toplanmışdı. Məsələn, dekabrın 20-də Venesuelaya Qambiya bayrağı altında "Hyperion" tankeri gəlib. Ehtimal olunurdu ki, o, Rusiyanın Murmansk vilayətindən Venesuelaya 300 min barrel nafta gətirirmiş. Gəmi Rusiya "kölgə donanmasına" aid olduğu üçün ABŞ-nin sanksiyaları altındadır.

İran, Rusiya və Venesuela kimi ölkələrin neft və təbii qaz sektorlarına ABŞ, Avropa İttifaqı, habelə, Böyük Britaniyanın sanksiya tətbiq etməsi bir aksiyadır, təzyiq vasitəsi, iqtisadiyyata zərbə üçün silahdır. Çünki bütün müharibələrin aparılması, ölkələrin daxili işlərinə müdaxilə etmək, proksi qüvvələri saxlamaq, müharibə etmək üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır. Həmin xərcləri məhdudiyyətlər tətbiq edildiyi üçün qanuni yolla əldə etmək mümkün olmur. O zaman "qara", qanunsuz yollar, xətlər fəaliyyətə başlayır.

Sanksiyalar həm də dövlətləri, hakimiyyətləri siyasi ambisiyalardan çəkindirmək alətidir.

Bu baxımdan, "Marinera" və başqa tankerlərə qarşı əməliyyatlar, onların saxlanılması Rusiya, İran, Venesuela, eləcə də Çin iqtisadiyyatına zərbə sayılır. Tramp administrasiyasının sonuncu əməliyyatını Rusiya, İran və onlara həmkarlıq edən "kölgə donanmalara" özünəməxsus xəbərdarlıq da saymaq olar.

Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, London açıq dənizdə pisniyyətli hərəkətlərin sayı artdığı müddətcə fəaliyyətsiz qalmayacaq: "Müttəfiqlərimizlə birlikdə "kölgə gəmilər"ə qarşı tədbirləri gücləndiririk və bunu davam etdirəcəyik".

Bu istiqamətdə Avropa İttifaqının da ABŞ ilə birlikdə fəaliyyət göstərəcəyi istisna olunmur. Çünki Donald Tramp Aİ-dəki müttəfiqlərini Rusiyadan neft, təbii qaz idxalına görə ittiham edirdi. İttifaq üzvlərinin belə sövdələşməsi Ukraynada müharibədə Rusiyanı gücləndirir. Bu baxımdan, perspektivdə Rusiyanın "kölgə donanmasına" aid tankerlərin Aİ limanlarına çıxışı bağlana bilər. Əks halda, ABŞ qitədəki müttəfiqlərinə və tərəfdarlarına qarşı da əməliyyat keçirə bilər.

Məlumata görə, 2025-ci ilin aprelində Estoniya hərbçiləri şübhəli "Kiwala" tankerini saxlamış, bir neçə həftə sonra onu buraxmışlar. Ötən il oktyabrın 1-də Fransada özlərini gəmi kapitanı və onun köməkçisi kimi təqdim edən "Baracay" tankerinin iki ekipaj üzvü saxlanılmışdı. Dekabrın 31-də isə Finlandiya sərhəd mühafizəsi Fin körfəzində telekommunikasiya kabelinin zədələnməsindən sonra öz iqtisadi zonasında bir gəmini nəzarət altına almışdı.

Bu faktlar onu göstərir ki, Avropa ölkələri limanlarında da neft qaçaqmalçıları saxlanılır.

Rusiyanın Ukraynada müharibə aparmaqla paralel iqtisadiyyatının çökməməsi, sanksiyalara müqavimət göstərməsi amillərindən biri neft qaçaqmalçılığı sayılır. Yəqin ona görə ölkə Prezidenti Vladimir Putin və dövlətin başqa rəsmiləri ABŞ ilə Aİ-nin sanksiyalarını ironiya ilə qarşılayırlar.

İranın da uzun illərdir, sanksiyalara dözməsi, proksi qüvvələrini maliyyələşdirməsi, habelə qonşu dövlətlər və Latın Amerikası ölkələrində pozuculuq fəaliyyəti, Xomeyni inqilabı doktrinasını transformasiya etməsi üçün vəsaitin mənbələrindən biri də "qara bazar" sayılır.

Suriyada Bəşşar Əsəd rejiminə qarşı sanksiyalar tətbiq edilən zaman onun narkoticarətdən və neft qaçaqmalçılığından əldə edilən vəsaitdən maliyyələşdiyi məlum olub. Eləcə də İraqda Səddam Hüseyn rejiminin ABŞ-nin ölkə neftinə tətbiq etdiyi sərt sanksiyalardan qanunsuz yollarla yayındığı isbatlanıb. Rəsmi Bağdad o illərdə humanitar məqsədlə ayrılan neft kvotasından həm hakimiyyətini qoruyub, həm də ona yardım edənləri "dolandırıb".

ABŞ tətbiq etdiyi sanksiyalara son 10-15 ildə nəzarəti gücləndirməyə başlayıb. Əvvəllər hətta Ştatlara aid şirkətlər belə İranla neft və başqa sahələrdə əməkdaşlıq edirdi. Məsələn, ABŞ-nin sabiq vitse-prezidenti Dik Çeyniyə məxsus "Halliburton" şirkətinin İslam Respublikası ilə sövdələşmələri olub və bu məsələ ictimailəşib.

Son illər sanksiyalara nəzarət həmin ölkələrlə qanuni ticarət əlaqələrinin azalmasını təmin etsə də, "qara bazar" belə ölkələrin köməyinə çatıb. Bu baxımdan, görünür, ABŞ indi onların "qara bazar"dakı "bazarlıqlarını" xarabazara çevirir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində sanksiyalardan yayınma hallarından da danışıb:

"Ermənistanı güclü şəkildə dəstəkləyən və daim Ermənistan üçün geosiyasi baxımdan çətinliklərdən, guya bəzi ölkələrin onun maraqlarına zərər vurmaq istəməsindən şikayət edən bir qrup ölkənin liderləri ilə görüşərkən həmişə deyirəm - ÜDM-ə baxın və Rusiya ilə ticarət dövriyyəsinə baxın.

Rusiya–Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təxminən 2 milyard ABŞ dolları idi. İki il sonra isə bu rəqəm 12 milyard dollara çatdı. Bu, artıq hər şeyi açıq şəkildə göstərir.

Bu, sanksiyalardan yayınma mexanizmidir - onların dediyi kimi, paralel idxal və ya "boz zona" idxalıdır. Lakin nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Parlament Assambleyasında heç kim bu barədə bir söz belə demədi, nə Ermənistanı qınadı, nə də ümumiyyətlə, sanksiyalar mövzusuna toxundu. Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-in artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil, - biz bunu etmirik, - o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır".

Ermənistanın indiki və ondan əvvəlki hakimiyyəti Suriyadakı Bəşşar Əsəd rejimi ilə də çox sıx əlaqə saxlamaqla terrora və öz vətəndaşlarını qətliam edənə köməklik göstərmişdi.

Odur ki, "kölgə donanması", "qara bazar", sanksiya tətbiq olunanların üçüncü ölkələr vasitəsilə ticarət əlaqələri və başqa bu kimi qanunsuz yollar, alətlər müharibələrin davam etməsinə, işğallar, mürtəce rejimlərin ömürlərinin uzanmasına xidmət edir.

Keçmiş SSRİ-ni Əfqanıstandan çıxaran amillərdən biri, başlıcası onun iqtisadiyyatının ağır vəziyyəti idi. Belə qənaətə gəlmək olar ki, o illərdə sovetlər "qara bazar"da neft satmaqda çətinlik çəkirdi. Görünür, Rusiya bu amili Ukraynadakı savaşında nəzərə alıb.

Çin və Hindistanı isə bu vəziyyət qane edir. Ona görə "kölgə donanmaların" böyüməsinə yardım edənlərə də sanksiyaların gücləndiriləcəyi aktuallaşır. Əvvəllər belə qaçaqmalçılıqla məşğul olanlara "dəniz quldurları" deyərdilər, 21-ci əsrdə isə qaçaqmalçılar rolunda bütöv dövlətlər oynayırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti