Fransa Senatının siyasi klounluğu - qanunvericilər Makronun əlaltısı rolunda - ŞƏRH

Analitika
  • 19 yanvar, 2024
  • 07:56
Fransa Senatının siyasi klounluğu - qanunvericilər Makronun əlaltısı rolunda - ŞƏRH

Fransa Senatı yanvarın 17-də yekdilliklə anti-Azərbaycan, islamofob qətnamə qəbul edib. Bəli, məhz yekdilliklə. Erməni lobbisinin təsiri altında olan, onlardan maliyyələşənlərin əksəriyyəti - 336 müstəmləkə təfəkkürlü senator ölkə prezidenti Emmanuel Makrondan gələn tapşırıq və göstərişə qarşı çıxmağa özlərində cürət tapmayıblar.

“Sənəd”də hökumətə Azərbaycana qarşı sanksiya tətbiq kimi bədnam çağırış da yer alıb. Qətnamənin müəllifi irqçi, qatı ermənipərəst mövqeyi ilə seçilən Bruno Retayonun həyasızlığı və qərəzi o həddə çatıb ki, “erməni məsələsini fransız məsələsi” adlandırıb. Müstəmləkəsi altında olan xalqlara qarşı soyqırımılar və ekspansiya siyasəti yürüdən fransalı qanunvericilər indi durub həyasızcasına eyni ifadələri Azərbaycana qarşı işlədiblər. Maraqlıdır ki, cəmi bir senator Natali Qule buna qarşı çıxıb, qətnamənin reallıqla heç bir əlaqəsi olmadığını, əksinə, sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəldiyini vurğulayıb. O, Fransadakı erməni diasporunun zəhərli və çox təhlükəli oyun oynadığını söyləyib, qəbul edilən qətnaməni hazırkı mərhələdə lazımsız və yersiz qərar adlandırıb, Senatın ermənipərəst mövqeyini, ikili standartlarını faktlarla sübuta yetirməyə çalışaq.

Birincisi, “ermənidən artıq erməni olmağa” çalışan Senatın qərarında qeyd olunub ki, Zəngəzur dəhlizinin açılması səyləri Ermənistanın suverenliyinin pozulması cəhdidir. Halbuki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması məsələsi öz əksini tapıb. İrəvan buna imza atıb.

İkincisi, erməni lobbisi ilə sıx əlaqələrə malik B.Retayo YUNESKO-nu Qarabağa təcili missiya göndərməyə çağırıb. O iddia edib ki, missiya işğaldan azad olunan ərazilərdə erməni mədəni irsinin vəziyyətini araşdırmalıdır. Axı Qarabağda hansı erməni abidələri dağıdılıb? Əksinə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ermənilər tərəfindən dağıdılan tək müsəlman deyil, xristian abidələrinin də bərpası göstərişini verib. Məhz erməni faşistləri xristian, alban abidələrini məhv edib, onları erməniləşdirib.

Heç bir fakt və sübut ortaya qoyulmadan rəsmi Bakını ittiham edilməsi isə məntiqsizlikdir. Azərbaycan isə fakt və sənədlərə əsaslanır. Məsələn, 2023-cü il sentyabr hadisələrindən sonra bölgəyə gələn BMT missiyası erməni abidələrinə hər hansı zərər vurulması ilə bağlı bir fakt belə ortaya qoya bilməyib. Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Qarabağa göndərmək istədikləri missiya Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin.

Rəsmi məlumata görə, Azərbaycanın işğaldan azad olunan ərazilərində təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonlarda fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Fransa Senatında qəbul olunan qətnamədə bunları da yazmağı “unudublar”. Ermənilər 30 il işğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirib, ya da uçurublar. Sadəcə, bu faktları fransız qanunvericilər və hakimiyyətinin kor olan gözləri də oxusa yaxşı olardı.

Üçüncüsü, erməni təfəkkürlü müasir səlibçilərin ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycanı “etnik təmizləmə”də ittiham etməsi də gülünc və cəfəngiyyatdır. Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və bu mənada Senat da öz yerini bilməlidir. Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Senat qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin.

Dördüncüsü, E.Makronun tapşırığını qul kimi yerinə yetirənlərin gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla da, özünü növbəti dəfə lağlağı obyektinə çevirir. Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa yaxşı olardı Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin.

Beləliklə, qeyd olunan faktlar Fransanın çirkin və riyakar siyasətinin bir hissəsidir. Özünü “Demokratiya beşiyi” kimi qələmə verən, dünyaya sırıyan dövlət öz rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində Avropanın üz qarasına çevrilib. Bunda Makronun əvəzsiz rolu var. Destruktiv və təxribatçı addımları ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa çalışır. Senatorlar da bu çirkin oyunun iştirakçısına çevirib.