Ermənistanda 44 günlük müharibənin hesabatı arxivə göndərilir - pərdəarxası səbəblər – ŞƏRH

Analitika
  • 07 oktyabr, 2025
  • 16:49
Ermənistanda 44 günlük müharibənin hesabatı arxivə göndərilir - pərdəarxası səbəblər – ŞƏRH

Ermənistanda uzun müddətdir müxalifətlə iqtidar arasında tez-tez ciddi mübahisə və müzakirələrə səbəb olan 44 günlük müharibə ilə bağlı parlamentin istintaq nəticələri ilə yeni yaranan vəziyyət gərginliyi daha da artırıb. Məlum olub ki, spiker Alen Simonyan 44 günlük Qarabağ müharibəsi ilə bağlı parlament istintaqının nəticələrini rəsmən məxfi elan edib. Hətta sənədin qapalı rejimdə müzakirəsi belə baş tutmayacaq. Komissiyanın rəhbəri və hakim "Mülki müqavilə" partiyasının üzvü Andranik Köçəryan hesabatı vaxtında komissiya üzvlərinə təqdim edə bilməyib, faktiki olaraq ictimaiyyətdən gizlədib. Spiker bəyan edib ki, sənədə baxılma müddəti başa çatdığından onu iclasın gündəliyinə daxil etmək mümkün deyil.

Hakimiyyətin birdən-birə belə qərar verməsi və uzun müddət gözlənilən sənədi açıqlamaqdan yayınması bir sıra mətləblərdən xəbər verir. Əslində 8 avqustda Vaşinqtonda imzalanan üçtərəfli bəyannamə və Baş nazir Nikol Paşinyanın sülh gündəmini tez-tez təkrarlaması belə bir hesabatın arxivə atılacağını siqnalını əvvəlcədən vermişdi.

Birincisi, bu hesabat vaxtında Baş nazir Nikol Paşinyana müəyyən həbslər dalğası üçün lazım idi. Müharibədən sonra Ermənistanda bir sıra xarici və daxili qüvvələrin təzyiqi və təşkilatçılığı ilə baş qaldıran etirazlar zamanı hərbçilərdən, xüsusilə də orduda müəyyən nüfuza sahib olan zabitlərdən istifadə planı var idi. Bu şəxslərin dəstəyi ilə Nikol Paşinyan hakimiyyəti devrilməli idi. Məhz bu hesabat və istintaq sayəsində hakim partiya müəyyən zabit və generalları mühakimə edərək həbsə göndərdi, hərbi çevriliş ehtimalını minimuma endirdi. Hələ o dövrdə də hesabat və istintaqla bağlı ictimaiyyətə bir cümlə də açıqlanmır, sadəcə Paşinyan üçün təhlükə ehtiva edən mayor, polkovnik və general müharibə dövründə səhlənkarlıq, yeyinti maddələri ilə həbsə göndərilirdi. İndi isə belə bir təhlükənin mövcud olmadığı üçün komissiyanın hesabatının açıqlanması Paşinyan hökumətinə heç nə qazandıra bilməz.

İkincisi, belə bir hesabatın açıqlanması və müəyyən adların, şəxslərin ifşası Azərbaycanın ciddi qəzəbinə səbəb ola bilər. Çünki müharibə dövründə müəyyən qərarlara imza atan şəxslər hələ də Ermənistan ordusunda, hökumətində, baş qərargahında və müdafiə nazirliyində müxtəlif postları tuturlar. Bu şəxslərin ifşa edilməsini hazırda sülh gündəmi ilə paralel aparmaq hakimiyyət üçün əlavə başağrısına çevrilər. Həm bu şəxslərin həbsi tələb edilə bilər, həm də rəsmi Bakıda narazılıq yaradar. 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər Azərbaycanın qəzəbinə səbəb olmaq təbii ki, Paşinyan hakimiyyəti üçün arzuolunmaz nəticələr yarada bilər. Bu səbəbdən də hesabatın açıqlanmamasında bu versiya da güclü təsirə malikdir.

Nəzərə almaq lazımdır ki, Ermənistanın məğlubiyyəti, Azərbaycan torpaqlarının və dinc əhalisinin atəşə tutulması, Azərbaycan ərazisində qeyri-qanuni hərbi birləşmələrin dislokasiyası və s. kimi hərbi cinayətlər məhz Ermənistan rəhbərliyi tərəfindən törədilib və hesabatda bunun qeyd edilməsi, məsuliyyət daşıyanların adlarının çəkilməsi hazırda hakim partiyanın maraqlarına ziddir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, 2020-ci ildə müharibə başlayanda Ermənistanda hərbi vəziyyət elan edilib. Ermənistanın "Hərbi vəziyyətin hüquqi rejimi haqqında" qanununa görə hərbi vəziyyət Ali Baş Komandanın səlahiyyətlərini Paşinyanda saxlamır. Belə bir qərarın hüquqi əsası kimi xidmət edən halları və Baş nazirin deyil, hökumətin, onun səlahiyyətlərini müəyyən edir. Yəni hərbi vəziyyət Ali Baş Komandanın səlahiyyətlərini Nikol Paşinyanda saxlamır. Əgər Paşinyan 2020-ci il müharibəsi zamanı ali baş komandan kimi fəaliyyət göstəribsə və buna hüququ olmayıbsa, bu, başqa məsuliyyət deməkdir.

Etdiyini qəbul etsək, deməli burada da başqa məsuliyyətdən danışırıq. Bir şey aydındır: müharibədə məğlubiyyətə görə ilk növbədə Nikol Paşinyan məsuliyyət daşıyır, ola bilsin ki, bəzi hallarda qeyri-müəyyənliyə baxmayaraq, bəzi qanunvericilik nüanslarına məhəl qoyulmayıb. Bu kontekstdə Ermənistanın müdafiə naziri və Baş Qərargah rəisinin funksiyaları ilə bağlı sual çox vacibdir: onlara faktiki olaraq nə dərəcədə hörmət edilib və ya yerinə yetirilib? Ermənistan Konstitusiyasının 155-ci maddəsində deyilir: "Müharibədən kənar vaxtlarda Baş Qərargah rəisi müdafiə nazirinə, müharibə dövründə isə Silahlı Qüvvələrin Ali Baş Komandanı Baş nazirə tabedir". Bu cür birbaşa tabeçilik Baş Qərargah rəisinin Ali Baş Komandan tərəfindən tənzimlənməyən məsələlərdə Silahlı Qüvvələr üzərində komandanlığı həyata keçirən və onlara mülki nəzarəti təmin edən Ermənistan Respublikasının Müdafiə nazirinə tabeliyinə heç bir dəyişiklik etmir. Amma 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanda hərbi vəziyyət elan edilib. Bu isə "Hərbi vəziyyətin hüquqi rejimi haqqında" qanuna görə tənzimlənməlidir.

Belə ki, hərbi vəziyyət dövründə Baş Qərargah səfərbərlik hazırlığını əlaqələndirir və digər hərbi vəziyyət nəzarəti zamanı onların səfərbərlik hazırlığını və xüsusi təyinatlı qoşun hissələrini yaradır. Hətta hərbi vəziyyət dövründə də Baş Qərargah rəisi müdafiə nazirinə tabedir. Amma müharibə dövründə baş verənlər və qəbul edilən qərarlar göstərir ki, göstərişlər birbaşa Nikol Paşinyan tərəfindən verilib. Bu isə böyük məsuliyyət yaradır və hesabatın açıqlanması Nikolun mühakimə olunması mənasına gələ bilər.

Maraqlı məqamlardan biri də komissiya sədri Andranik Köçəryanın müəyyən açıqlamaları olub. Hakim partiyanın üzvü olan bu şəxs dəfələrlə bildirib ki, fərarilik, dövlətə xəyanət ittihamı ilə 10 min cinayət işi açılıb. Diqqət yetirilməsi vacib olan da məhz bu açıqlamalardadır. Belə ki, Köçəryan məğlubiyyətin səbəblərini açıqlayanda "biz" kəlməsindən istifadə edir.

Bəs o kimi nəzərdə tutur? Bu sualın cavabı hesabatın dərc edilməməsi qərarının səbəbidir. "Biz" deyəndə Ermənistanın hərbi-siyasi rəhbərliyini nəzərdə tuturmu? Bununla belə, Köçəryan müsahibəsində aviasiya, hava hücumundan müdafiə, "İsgəndər" raketlərinin istifadəsi barədə danışıb, məlum olduğu kimi, Qarabağdakı erməni separatçılarının arsenalında bu tip silahlar olmayıb. Bu isə o deməkdir ki, 44 günlük müharibəyə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır və hesabatın açıqlanmamasının da əsas səbəblərindən biri budur. Çünki Ermənistan tərəfi hərbi əməliyyatlarda birbaşa iştirak edib. Hesabatın isə açıqlanması baş nazir və hökumətə qarşı ciddi kompromata çevrilə bilər...

Kamil Məmmədov

Son xəbərlər

Bütün Xəbər Lenti