D-8 Media Forumu: Azərbaycanın xarici siyasətinin yeni vektoru - ŞƏRH
- 21 noyabr, 2025
- 14:10
Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumu keçirilir.
Ötən il alyansa qoşulan Azərbaycan artıq aktiv oyunçuya çevrilib və D-8 ölkələrinin media forumunun Bakıda keçirilməsi ölkəmizin çoxvektorlu xarici siyasətinin məntiqi davamıdır. Forumun Bakıda keçirilməsi təşkilatın siyasi-iqtisadi inteqrasiyasında rəsmi Bakının rolunu gücləndirən siyasi proses kimi də dəyərləndirilə bilər.
Bu təşəbbüsə sadəcə media əməkdaşlığı prizmasından yox, eyni zamanda, son illər ərzində rəsmi Bakının formalaşdırdığı yeni geosiyasi oyunçu imicinin özünü təsdiqləməsi kimi də yanaşmaq lazımdır. Azərbaycan bu forum sayəsində təşkilata üzv ölkələrin informasiya diplomatiyasının diqqətini Bakıya yönləndirir, çoxqütblü dünya düzənində alternativ informasiya platformalarının yaradılmasına töhfə verir, özünün regional mərkəz statusunu informasiya sahəsində də möhkəmləndirir.
1997-ci ildə Türkiyədə yaradılan D-8 təşkilatına bu ölkə ilə yanaşı, İndoneziya, Pakistan, Banqladeş, İran, Malayziya, Misir və Nigeriya da üzvdür. Azərbaycan isə 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində keçirilən XI Sammit zamanı üzv seçilib. 2 milyarddan çox əhalisi, ümumi ÜDM-i 3.7 trilyon dollar olan D-8 həm də enerji resursları, istehsal infrastrukturu, geniş xammal bazası ilə də dünya arenasında önəmli yerə malikdir. Əhali sayı və iqtisadi potensialı baxımından D-8 dünya üzrə ən böyük ittifaqlardan biri də sayıla bilər.
Rəsmi Bakının məhz belə bir təşkilata qoşulması, söz sahibi olması ölkə rəhbərliyinin uğurlu diplomatiyası və uzaqgörən siyasəti nəticəsində mümkün olub.
Təşkilat Qərbin dominatlığında olmayan, siyasi iradəyə və iqtisadi potensiala malik dövlətləri birləşdirir. Eyni zamanda, bu quruma üzv ölkələr informasiya məkanında da böyük təsir gücünə malikdir. Media bazarları, sosial şəbəkə auditoriyaları və kommunikasiya imkanları onları qlobal informasiya siyasətinin aktiv aktorlarına çevirir. Məsələn, 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük müharibədə ən böyük media işi Türkiyənin üzərinə düşüb. Əlində olan bütün resurslardan istifadə edən türk mediası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli və əvəzedilməz rol oynayıb.
Müstəqilliyini əldə etdikdən və xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional və transregional layihələrdə iştirakını daha da artırıb. Bu da öz növbəsində ölkənin nüfuzunu artırmaqla yanaşı, regional oyunçudan qlobal oyunçuya çevrilmə planını sürətləndirib. Artıq rəsmi Bakı regional, transregional və qlobal miqyasda aktiv diplomatiya yürüdür, beynəlxalq proseslərin mərkəzinə yerləşir. Buna misal üçün, son aylar ölkə başçısının iştirak etdiyi yüksək səviyyəli görüşləri xatırlamaq olar. İstər BMT platformasındakı çıxışlar, Orta Asiyada keçirilən sammitlər, istərsə də Türk Dövlətləri Təşkilatı (TDT) tədbirləri Azərbaycanın çoxvektorlu xarici siyasətinin parlaq təzahürüdür.
Bu görüşlər ölkənin geosiyasi çevikliyini, tərəfdaş şəbəkəsinin genişliyini nümayiş etdirməklə yanaşı, qlobal gündəmi formalaşdırmaq bacarığını da ortaya qoyur. Azərbaycan təkcə siyasi əlaqələrini artırmır, eyni zamanda regionlararası platformaların körpüsünə çevrilir. D-8 Media Forumunun Bakıda keçirilməsi də bunu bir daha sübut edir. Eyni zamanda, Bakının beynəlxalq tədbirlər üçün qlobal mərkəzlərdən birinə çevrildiyini bir daha ortaya qoyur.
Bu Forumun Bakıda keçirilməsi göstərir ki, təşkilata üzv ölkələri sadəcə iqtisadi maraqlar yox, eyni zamanda böyük media bazarını təmsil etmək, sürətlə inkişaf edən rəqəmsal media məkanının çağırışlarına uyğunlaşmaq kimi prioritetlər də birləşdirir. İki milyard əhalisi olan belə bir təşkilatın geniş televiziya auditoriyası və sosial şəbəkə seqmentlərini də nəzərə alsaq, bu miqyasın media və informasiya sahəsində də əməkdaşlığın nə dərəcədə vacib olduğunu anlayarıq. Qlobal informasiya axınında üstünlük qazanmaq üçün alternativ informasiya mərkəzlərinin yaradılması və media diplomatiyasının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu mənada, Azərbaycan Prezidentinin D-8 Media Mükəmməllik Mərkəzinin Bakıda yaradılması təşəbbüsü həm ölkəmizin media sahəsində artan rolunu, həm də qlobal informasiya məkanına inteqrasiyasını gücləndirən mühüm addımdır. Bu təşəbbüs ölkənin regional media mərkəzinə çevrilməsinə gedən yoldur. Çünki nəticədə Orta Asiya, Yaxın Şərq, türkdilli ölkələr, Cənubi Asiya və Afrika arasında informasiya körpüsü yaradılır.
Forum çərçivəsində dezinformasiyaya qarşı birgə mübarizə, ortaq informasiya standartları və media təhlükəsizliyi üzrə əməkdaşlıq kimi məsələlərin müzakirə edilməsi, yeni qərarların qəbul edilməsi qlobal informasiya məkanında yeni qütbün formalaşması deməkdir.
Bakıda qəbul edilən qərarların işığında yaxın vaxtlarda icra olunacaq birgə media layihələri, rəqəmsal platformalar üzrə tərəfdaşlıq Azərbaycanın media sektoruna əlavə təcrübə, yeniliklər qazandıracaq.
Eyni zamanda, bu forumun məhz Bakıda keçirilməsi Azərbaycanın İslam dünyasının informasiya mərkəzinə çevrilməsinə dəstək olmaqla yanaşı, təşkilata üzv ölkələr arasında informasiya mübadiləsini dərinləşdirir. Bu isə gələcəkdə ölkələr arasında informasiya və media axınının sürətlənməsinə, ölkələr haqqında daha dolğun və dəqiq məlumatların operativ şəkildə ötürülməsinə zəmin yaradır. D-8 ölkələrinin media sahəsində əməkdaşlığı təkcə kommunikasiya məsələsi deyil – bu, qlobal informasiya mühitində güc balansının yenidən qurulması prosesinin bir hissəsidir.
Qısacası, Azərbaycan artıq siyasi, enerji və mədəni mərkəz olmaqla yanaşı, media diplomatiyası üzrə də beynəlxalq liderliyə iddialı olduğunu ortaya qoyur. Bu günə qədər uğurlu xarici və iqtisadi siyasət sayəsində enerji gücünə sahib olan rəsmi Bakı dünyada təhlükəsizlik aktoru və nəqliyyat şəbəkəsi kimi statuslara malik idi. D-8 Media Forumu isə Azərbaycanın əlavə olaraq, informasiya gücünə də sahib olmasına şərait yaradır. Ölkə D-8 təşkilatının media platformasını gücləndirir və informasiya siyasətində çoxqütblülüyün artmasına təkan verir.
Kamil Məmmədov