Belçika müstəmləkəçiliyi - istismar və əzabın dəhşətli nümunəsi - ŞƏRH
- 31 oktyabr, 2025
- 16:54
 
                            
                            
                        Beynəlxalq media və müxtəlif təşkilatların diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Paytaxt Bakıda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun bu günə qədər davam edən ağır fəsadlarına həsr olunmuş beynəlxalq tədbir keçirilir. "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" adlı beynəlxalq konfransda Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak edirlər.
Tədbir iştirakçılarının tərkibi də maraq doğurur - 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər.
Konfransda hər bir çıxışçı təmsil etdiyi ölkənin yüz illər boyu yığışıb qalan problemlərini səsləndirmək imkanı qazanıblar.
Dünyaya, az qala, ideal ölkə kimi sırınan Belçika Krallığı bir dəfə də olsun keçmişdə törətdiklərinə görə nə üzrxahlıq, nə də etiraf edib. Bu bir yana, Belçika XX əsrin ortalarına qədər müstəmləkəçilik siyasətini davam etdirib. Krallığın Afrikada törətdiyi vəhşiliklərdən uzun illər bəhs olunmayıb, hər hansı təzminatdan söhbət belə getməyib. Əksinə, müstəmləkəçilik yeni xətlə davam etdirilir.
 
    
    
Məruzəçilər vurğulayıblar ki, böyük coğrafi kəşflərlə başlayan müstəmləkəçilik hələ də davam edir. Bu dövlət Afrika və Asiyada ələ keçirdiyi ərazilərdə elə silinməz izlər buraxıb ki, yerli xalqlar hələ də onun acısını yaşayırlar. Krallığın müstəmləkəçiliyi əsasən də Konqo Demokratik Respublikası, Ruanda və Burundidə təbii resursların istismarı, zorakılıq və irqi ayrı-seçkiliklə müşayiət edilib.
Afrikada Belçika müstəmləkəçiliyi insan əzabının ən dəhşətli nümunələrindən biri olub və Bakıda edilən çıxışlarda da bu məsələ əsas xətt kimi keçib. Əksər məruzəçilər qeyd ediblər ki, Belçika vurulmuş ziyana görə təzminat ödəməlidir.
Tədbirdə məşhur konqolu tarixçi Enn Vetsi Mpomanın Belçikanın təzminat ödəməli olduğu barədə fikri əksəriyyət tərəfindən qəbul edilib. O deyib ki, müstəmləkəçilik təkcə iqtisadi asılılıq deyil, həm də bütöv bir xalqın yaddaşını və mədəni kimliyini silmək cəhdidir: "Əgər bu gün Belçika muzeylərini gəzsək, Konqo xalqına məxsus çox sayda artefaktlar görmək olar. Mən bu mədəni dəyərlərin Konqo və digər Afrika ölkələrinə qaytarılması üçün çalışıram. Lakin bunun üçün Afrika dövlətlərinin hökumətlərinin dəstəyi lazımdır".
 
    
    
Tarixçi vurğulayıb ki, Belçikanın Konqoya vurduğu zərər çox böyük olub: "Belçika təkcə Konqo xalqından rəsmi üzr istəməli deyil, həm də müstəmləkə zülmü illərinə görə təzminat ödəməlidir".
Bu gün kolonializm, demək olar, sona çatmış kimi görünsə də, dünyanın bəzi yerlərində müstəmləkəçilik idarəsi hələ də müəyyən formalarda davam edir. Bir sıra ərazi bu gün də rəsmi olaraq müstəmləkə statusunda qalır.
Belçikadan tələb olunan təzminatla bağlı rəqəmlərə diqqət çəkmək kifayətdir ki, vurulmuş zərəri görək - Konqo Demokratik Respublikası üçün 500 milyard, Burundi üçün 36 milyard avro.
Belçika bu gün də keçmiş müstəmləkə ərazilərində resurslara, xüsusilə kobalt mədənlərinin 80%-nə nəzarət edərək neokolonial istismarını davam etdirir.
Krallığın müstəmləkə siyasəti nəticəsində Konqo Demokratik Respublikasında 10 milyondan çox insanın ölümü, onminlərlə insanın əllərinin kəsilməsi və ölkənin mədəni resurslarının talan edilməsi kimi ağır cinayətlər baş verib.
 
    
    
Belçika Ruanda və Burundidə 1933-cü ildə 600 min etnik kimlik kartı paylayaraq etnik bölgü siyasəti aparıb və bu, sonradan 1972 və 1994-cü illərdə kütləvi soyqırımılara zəmin yaradıb. 1940–1950-ci illərdə 20 min metis uşaq ailələrindən zorla ayrılaraq Belçikaya aparılıb. Belçikada yerləşən Tervuren Muzeyində Belçika müstəmləkəsi dövründə 180 min talan edilmiş artefakt saxlanılır. Ruandadan Tervuren Muzeyinə 40 mindən çox mədəni artefakt talan edilərək aparılıb. Burundidən 10 minə yaxın sənət əsəri oğurlanıb və Belçika hələ də bunları qaytarmaq istəmir.
BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın keçmiş müstəmləkələrinə vurduğu zərərlərlə bağlı faktların araşdırılması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə olunur.
Yeri gəlmişkən, Belçika müstəmləkə dövlətləri arasında lider mövqedə olub. Bu siyasət digərlərindən daha sərt olub. Yeni ərazilərdə insanlar öldürülüb və ya qul edilib.
 
    
    
Xatırladaq ki, 1885-ci ildə Berlində keçirilən toplantı nəticəsində Afrika qitəsi rəsmi olaraq müstəmləkəçilər tərəfindən bölüşdürüldü və Belçikaya da pay düşdü. Ən dəhşətlisi isə odur ki, köləyə çevrilən insanların mədəniyyətin beşiyi hesab olunan Avropadakı zooloji bağlarda sərgilənməsi yaxın tarixə qədər davam edib. Belə ki, sonuncu belə insan nümayişi 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya Sərgisində "Konqolu kənd" adı altında təşkil olunub. Sərgidə təxminən 700 konqolu özlərinin ənənəvi paltarlarını geyinərək sanki vəhşi və primitiv həyat tərzi sürən qəbilə nümayəndələri kimi təqdim olunub. Konqolular sərgidə avropalılar tərəfindən ziyarət edilir və bəzən qəfəslərdə nümayiş etdirilən heyvanlarla müqayisə olunurdular.
Ziyarətçilər onları "eqzotik" həyat tərzlərinə görə seyr edirdilər ki, bu da əsasən kolonial üstünlük və irqçi düşüncələrin davamı idi. Tarixin qaranlıq və utancverici səhifələrindən olan bu insan nümayişləri həm də müstəmləkəçilik və irqçilik ideologiyasının insanlara qarşı necə amansız və qəddar şəkildə tətbiq edildiyini göstərir.
Bakıda keçirilən tədbirin əhəmiyyətinə gəldikdə, beynəlxalq hüquq çərçivəsində Belçikanın keçmiş müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbi ən əhəmiyyətli məsələdir.
 
    
    
Brüssel nə qədər çalışsa da, onun müstəmləkəçiliyi ilə bağlı faktların tarixdən silinməsi mümkün deyil. İnsan hüquqlarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ədalətsizliklər və Mərkəzi Afrika ölkələrində baş vermiş faciələr qlobal ictimaiyyət üçün yaxşı məlumdur.
Bakı konfransının ən mühüm nəticələrdən biri həm də o oldu ki, məruzəçilər qarşılıqlı səylər və BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi ilə əməkdaşlıq və kompensasiyalarla bağlı bütün məsələləri aidiyyəti beynəlxalq təşkilatların gündəminə gətirəcəklərini vurğuladılar. Yaxın perspektivdə də, ümid etmək olar ki, Bakıda baş tutan bu tədbir nəticəsiz qalmayacaq.
