Azərbaycandan keçən dəhlizlərin önəmi - Tehrandan yeni reallıqlara uyğun addımlar - ŞƏRH

Analitika
  • 19 noyabr, 2025
  • 17:10
Azərbaycandan keçən dəhlizlərin önəmi - Tehrandan yeni reallıqlara uyğun addımlar - ŞƏRH

İranın Rəşt şəhərində Xəzəryanı ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İranın Gilan, Mazandaran və Gülüstan əyalətlərinin başçılarının, habelə bu bölgələrdən olan deputatların, eləcə də Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya diplomatlarının da iştirak etdiyi tədbirdə qonşu dövlətlərlə prioritetlərindən danışıb.

Nazir quruda və dənizdə on beş ölkə ilə həmsərhəd olduqlarını vurğulayaraq körfəz və ona bitişik ərazilər kimi Xəzər dənizinin də İran üçün vacib olduğunu vurğulayıb: "Xəzəryanı dövlətlər bu regionun əhəmiyyətini, ortaq maraqları, bəzən isə ortaq narahatlıqları dərk etməklə illərdir birgə əməkdaşlıq edirlər. Biz müntəzəm olaraq Xəzəryanı dövlətlərin sammitlərini keçiririk".

O əlavə edib ki, İslam Respublikasının Xəzər hövzəsinə aid bütün ölkələrlə münasibətləri çox yüksək səviyyədədir. Bütün bu ölkələrlə çox yaxşı, bəzən isə strateji münasibətlər var.

XİN başçısı İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana və Rusiyaya çox mühüm səfərlər etdiyini deyərək növbəti ay ərzində hökumət başçısının Qazaxıstan və Türkmənistana səfər edəcəyini bildirib.

A.Əraqçının çıxışında vurğuladığı əsas məsələlərdən biri də Xəzər regionundakı dəhlizlər olub: "Xəzər bölgəsi həm enerji, həm də dəhlizlər və tranzit marşrutları baxımından vacibdir. Xəzər marşrutundan istifadə edən bu region ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığı bütün üzv ölkələr üçün böyük əhəmiyyət kəsb edir".

O, regionun xüsusiyyətləri və ehtiyacları, üstünlükləri və mümkün problemləri istiqamətində vilayət diplomatiyasına başladıqlarını da söyləyib.

Bu , Xəzəryanı dövlətlərlə İran əyalətləri arasında əlaqələrin qurulub, inkişaf etdirilməsidir.

Tehranın vilayət diplomatiyası taktikasını Mərkəzi Asiya ölkələri liderlərinin ABŞ-də "C5+1" sammitindən və Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündən sonra tətbiqi təsadüfi, tarixi ardıcıllığın üst-üstə düşməsi demək deyil.

Bu bölgədən Zəngəzur və Orta dəhlizləri keçir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra İranın hakim dairələri uzun müddət yeni reallığı qəbul etmir və bu dəhlizlərə qarşı "qırmızı xət"lər çəkməyə çalışırdı.

Lakin Mərkəzi Asiya ilə Cənubi Qafqazdan, deməli, İranın qonşuluğundan keçən hər iki dəhlizin yaratdığı üstün şəraiti İslam Respublikası rəhbərliyinin dəyərləndirməməsi "topuğa dəyən daşa" oxşayardı.

İran hökuməti başçısı Məsud Pezeşkian Zəngəzur dəhlizinin İran üçün ziyanlı olmadığına dair verdiyi açıqlama ilə Tehranın qəflətini pozdu. O, bu layihəyə qarşı deyil, onunla birgə hərəkət etməyin üstünlüklərini, faydasını da qəbul etməyə başladı.

Bu prosesi həm də 2024-cü ildə İranın helikopter qəzasında ölmüş Prezidenti İbrahim Rəisinin başçılıq etdiyi kabinetin müsəlman ölkələri və qonşularla iqtisadi əlaqələrin gücləndirilməsinə dair planın icrasının davamı da saymaq olar. Çünki Tehran hakimiyyəti 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi vəziyyəti əvvəlcə qəbul edə bilməsə də, yaxud etmək istəməsə də, sonrakı hadisələr ona reallığı göstərdi.

Əslində, Türkmənistan təbii qazının svop şəkildə Azərbaycan vasitəsi ilə İrana çatdırılması kimi bir təcrübə var idi.

2023-cü ilin məlumatına əsasən, Türkmənistandan gündəlik Azərbaycana svop qaz tədarükü sazişi çərçivəsində İran ərazisindən keçməklə qaz tədarükünün həcmi 7 milyon kubmetr təşkil edir.

Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən, 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Saziş Azərbaycana ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının nəql edilməsini nəzərdə tutur.

Azərbaycan dəhlizlərlə yanaşı, neft-qaz layihələrində də aparıcı rola malik olan tərəflərdəndir. TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilis-Ceyhan əsas neft boru kəməri və başqalarını xatırlamaq yerinə düşər. Azərbaycan bu layihələrdə Türkiyə ilə birlikdə aparıcı rola malikdir. Son illər Mərkəzi Asiya ölkələri də Azərbaycandan keçən marşrutlara diqqəti artırıb. Bu, həm də Qərb üçün cəzbedicidir.

Elə Vaşinqtonda keçirilən "C5+1" və Daşkənddə Azərbaycan və Mərkəzi Asiya Məşvərət Görüşünün gələcəkdə "C6+1" formatı kimi fəaliyyət göstərməsi regional dövlətlər, o cümlədən İran üçün də faydalı ola bilər.

Son günlər İran və Rusiya Şərqi Şimal-Cənub dəmir yolu nəqliyyat xəttinin fəaliyyətinə dair xəbərlər yayıb. Bu xətt Rusiyadan Qazaxıstan, oradan Türkmənistan və İrana keçir. Moskva və Tehran ehtimal edir ki, bu yolla körfəzə yük daşımaq mümkün olacaq. Ancaq Rusiya və İrana qarşı sanksiyaların tətbiqi indiki şəraitdə bu layihənin əhəmiyyətini azaldır.

Bunu Moskva və Tehranın Orta Dəhliz və Zəngəzur dəhlizinə alternativ kimi təqdim etmə cəhdi olaraq dəyərləndirmək mümkündür. Şərqi Şimal-Cənub xəttinin İrana fayda verəcəyi ehtimalı azdır.

Odur ki, İran hakimiyyəti üçün çıxış və xilas yolu daha çox şimaldadır. Abbas Əraqçinin Xəzər regionundakı dəhlizləri vurğulaması da bunu təsdiqləyir. Bu, Tehrana yüklərin həmin yollar vasitəsilə daşınmasına imkan yaradır.

"C6+1" formatının imkanlarından İran siyasi məqsədlər üçün də istifadə edə bilər. Odur ki, bir zamanlar əleyhinə çıxdığı dəhlizlər bu gün Tehranın nicat yoludur. Belə şəraitdə isə İslam Respublikasının cızdığı "qırmızı xətlər" də pozulur. Ona görə də reallaşan dəhlizlər İran hakimiyyətinin özü üçün qoyduğu hüdudlardan keçir...

Son xəbərlər

Bütün Xəbər Lenti