Ağ Ev Venesuelada "Hizbullah"a qarşı - ŞƏRH
- 22 dekabr, 2025
- 16:05
Ağ Ev Venesuela hakimiyyətini Livandakı "Hizbullah" silahlı qruplaşması ilə əməkdaşlıqda ittiham edir.
Ötən gün ABŞ-nin Dövlət katibi Marko Rubio bu Latın Amerikası ölkəsinin Prezidenti Nikolas Maduronun hakimiyyətini "qanunsuz" adlandıraraq, onun İran və "Hizbullah"la əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, rəsmi Karakas Ştatlarla əməkdaşlıqdan imtina etdiyi halda "terrorçu və cinayətkarlarla açıq əlaqələr qurur".
Dövlət katibi vurğulayıb ki, Venesuela hakimiyyəti "Hizbullah" və İranı öz ərazisində fəaliyyət göstərməyə dəvət edir.
Bununla belə, Marko Rubio Tehran hakimiyyəti və Livandan olan silahlı qruplaşmanın Venesuelada fəaliyyətinə dair məlumat verməyib: "Biz İran və "Hizbullah", eləcə də narkotik qaçaqmalçılığı ilə məşğul olan təşkilatlar və narkotiklə əlaqəli terror dəstələri ilə əməkdaşlıq edən qanunsuz rejimə qarşı çıxırıq".
O, bir müddət öncə açıq şəkildə İran hakimiyyətini, onun İslam İnqilabı Keşikçiləri Qvardiyasını (Sepah), "Hizbullah" silahlı qruplaşmanın Cənubi Amerikada mövcudluğunu, Venesuelanı isə İranın və silahlı təşkilatın "mühüm bazalarından biri" adlandırıb.
M.Rubio bu ölkədəki mövcud vəziyyətin davam etməsini "dözülməz" adlandıraraq deyib: "Bu rejim dəyişməlidir. ABŞ-nin məqsədi regional sabitliyi təmin etməklə yanaşı, öz təhlükəsizliyini və milli maraqlarını zəmanət altına almaqdır".
Dövlət katibi Livan və İsrail rəsmiləri arasındakı danışıqların Livan hökumətinin güclənməsinə, "Hizbullah"ın tərk-silah edilməsinə gətirib çıxaracağına ümidvar olduğunu da bildirib.
O bu açıqlamaları Prezident Donald Trampın Venesuelaya daxil olan və ya oradan çıxan sanksiya altındakı bütün neft tankerlərinin bloklanması barədə sərəncamından sonra verib.
Bir müddət əvvəl İsrailin xarici işlər naziri Gideon Saar da Paraqvaya səfəri çərçivəsində Venesuelanın "Hizbullah" və HƏMAS üçün Cənubi Amerikada "körpü rolunu oynadığını" bildirib: "Cənubi Amerikada cinayətkar şəbəkələr fəaliyyət göstərir, Yaxın Şərqdə isə narkoterrorizm alyansları formalaşır. Bu şəbəkənin əsas nöqtəsi Venesueladır, belələri region və dünya üçün təhdid mənbəyidir".
ABŞ rəsmisi Nikolas Maduronu regionu miqrasiya böhranına salmaqda da ittiham edib.
Qeyd edək ki, Paraqvay hökuməti HƏMAS, "Hizbullah"la yanaşı, Sepahı da terrorçu qruplar siyahısına daxil edib. Gideon Saar ölkəsinin müdafiə sənayesinin Paraqvayın müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verə biləcəyini bildirib.
Yəhudi dövlətinin naziri oradan Argentinaya səfər edib.
Onun bu ölkəyə səfəri də təsadüfi deyil. Çünki Sepahın xaricdə fəaliyyət göstərən "Qüds" qoşunları və "Hizbullah"ın Latın Amerikası ölkələrində fəaliyyəti yeni xəbər deyil.
1992-ci il martın 17-də İsrailin Buenos-Ayresdəki səfirliyinə terror hücumu olub. Bu hadisə nəticəsində 29 nəfər ölmüş, 242 nəfər isə yaralanmışdı. Onda bu teraktın məsuliyyətini "Hizbullah" üzərinə götürmüşdü.
2024-cü ilin aprelində Argentina məhkəməsi terror aktının İranın sifarişi ilə "Hizbullah" tərəfindən icra edildiyini bəyan eləmişdi.
Terror hücumuna səbəb isə Argentinanın İrana nüvə materialları və texnologiyaları təmin etmə razılaşmasını ləğv etdiyinə görə qisas sayılırdı. Odur ki, məhkəmə bu teraktı bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edərək Tehranı onun sifarişçisi kimi rəsmi olaraq terrorçu dövlət elan etmişdi.
1994-cü il iyulun 18-də isə Argentinanın paytaxtında yəhudi mədəniyyət mərkəzində törədilmiş partlayış nəticəsində 85 nəfər ölmüş, 300-dən çox insan yaralanmışdı. Bu, teraktı "Hizbullah"ın törətdiyi bildirilir.
Hələ bir neçə il əvvəl ABŞ Venesuela hakimiyyətini "Hizbullah"la əlaqələrdə, həmçinin Kolumbiyanın sol radikal üsyançı qruplaşmaları "Milli Azadlıq Ordusu" (MAO) və "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri"ni (KİSQ) dəstəkləməkdə ittiham etmişdi. Onda Maduro hakimiyyəti Kolumbiyadan olan silahlı qruplaşmaların üzvlərinə, eləcə də "Hizbullah"ı dəstəkləyən və ona rəğbət bəsləyənlərə sığınacaq verməkdən narahatlığını bildirmiş, bunu "qəbuledilməz" adlandırmışdı.
Onda ABŞ rəsmiləri İran hakimiyyətini Venesuela və Cənubi Amerikanın başqa ölkələrinin sakinlərinə təsir göstərməkdə ittiham etmişdi. Ağ Ev təmsilçisi "Hizbullah"ın bu regionda fəallıq göstərdiyini vurğulamışdı. Nikolas Maduro isə ittihamlara cavab olaraq bildirmişdi ki, rəsmi Karakas bu hərəkatla heç bir münasibət saxlamır.
Vaşinqton, Tel-Əviv və Ərəb dövlətləri "Hizbullah"ı Yaxın Şərqə İranın müdaxilə aləti sayır.
İran niyə Venesuelanı seçib? Yaxud "Hizbullah"ın bu ölkədə nə işi var?
İslam Respublikası İsraili təhdid etmək məqsədilə "Hizbullah", HƏMAS və başqa bu kimi qruplaşmalardan istifadə edib. Bu baxımdan, ehtimal etmək olar ki, Tehran ABŞ-nin təhlükəsizliyinə də problem yaratmaq üçün Latın Amerikası ölkələrindəki ona qarşı olan rejim və dövlətlərdən baza olaraq yararlanır.
Məsələn, Çin iqtisadi, Rusiya isə silahlı gücü vasitəsilə regional və qlobal planda ABŞ-yə təzyiqlər edə bilir. Belə bir şəraitdə İranın da ən güclü təsir vasitəsi Sepah və "Hizbullah" sayılır. Bu baxımdan, İslam Respublikasını Venesuela ilə ABŞ-yə qarşı birləşdirən ortaq məsələlər var. Onlar Ağ Evin neft sektoruna təzyiqləri yumşaltmaq, hərbi sahədə mübadilə, başqa məlum olmayan strateji məsələlər üzərində həmrəylik edərək birlik yaradıblar.
Təxminən 25 il əvvəl İranın ovaxtkı Prezidenti Mahmud Əhmədinejatla Venesuela lideri Uqo Çaves və İslam Respublikasının helikopter qəzasında ölmüş hökumət başçısı İbrahim Rəisi arasında görüşlər olub, sənədlər imzalanıb.
Tərəflər arasındakı qarşılıqlı səfərlər münasibətlərin Ştatlara qarşı strateji ittifaqa çevrilməsi ilə nəticələnib.
Həmin dövrlərdə Sepaha bağlı İran şirkətləri Venesuelada tikinti, neft-kimya sənayesinin inkişafı, həmçinin hərbi-sənaye kompleksi və təhlükəsizlik sahəsində layihələrdə iştirak ediblər.
Nikolas Maduronun hakimiyyətə gəlməsi ilə tərəfdarlar arasında əməkdaşlığın əhəmiyyəti hər iki tərəf üçün artıb.
ABŞ Maliyyə Nazirliyi iddia edir ki, İslam Respublikası ilə Venesuela iqtisadi təzyiqi neytrallaşdırmaq üçün saxta şirkətlər, vasitəçi banklar və gizli maliyyə kanalları şəbəkəsi yaradıblar. Bu mexanizm təkcə valyuta vəsaitlərinin İrana yönləndirilməsinə imkan verməyib, həm də 2019-cu ildən etibarən İranın "Mahan Air" aviaşirkətinin Karakasa uçuşları üçün yol açıb.
Tehranla Karakas arasında bu kimi əlaqələrə dair çoxsaylı məlumatlar var.
Belə görünür, ABŞ Yaxın Şərqdə apardığı anti-İran əməliyyatını Venesuelada və Latın Amerikasında da davam etdirir. Çünki bu bölgədə ABŞ Rusiya və Çin məsələsini sanki İran və Venesueladan ayırıb.
Marko Rubio da bəhs etdiyimiz müsahibəsində Rusiyanın Venesuela probleminə müdaxilə ehtimalına cavab olaraq deyib: "Rusiyanın Maduro rejiminə sözlə dəstəyi gözlənilməz deyil, ancaq bu, Birləşmiş Ştatlar və Rusiya arasında gərginliyin artması ehtimalı ilə bağlı narahatlıq doğurmur".
ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında da Rusiya artıq düşmən dövlət sayılmır. Bu baxımdan, belə ehtimal etmək olar ki, perspektivdə Ağ Evlə Kreml Maduro məsələsində anlaşa bilərlər.
Ağ Evin neft qaçaqmalçılığına qarşı savaşı çərçivəsində Venesuelanın iki neft tankerini ABŞ ələ keçirib. "Qara bazar"da "qara qızıl" qaçaqmalçılığı Maduro hakimiyyəti üçün başlıca qazanc mənbələrindəndir.
Çinlə də Ştatlar arasında ziddiyyətlərin aradan qaldırılması istiqamətində müəyyən anlaşmaların əldə edildiyi istisna edilmir. Xüsusilə, bu ilin payızında Donald Trampla Çin lideri Si Cinpin arasında 6 ildən sonra ikisaatlıq telefon müzakirəsi də tərəflər arasında gərginliyin azalmasına təsirsiz ötüşməyib.
Belə qənaətə gəlmək olar ki, ABŞ, Rusiya və Çin arasında Yaxın Şərqlə bağlı müəyyən razılaşmalar əldə edildiyi kimi, İranın Venesueladakı fəaliyyətinə, o cümlədən "Hizbullah" və ona oxşar qruplaşmaların aqibətinə dair də ortaq anlaşmalar mövcuddur.
Bu baxımdan, Suriyada Bəşşar Əsədin, Qəzzada HƏMAS-ın, Livanda "Hizbullah"ın yaşadıqlarını Venesuelada Maduro və İranın proksiləri yaşaya bilər. Belə çıxır, Livandan sonra növbə Venesuelanındır...