Ziyafət Əsgərov: Azərbaycan MDB çərçivəsində humanitar əməkdaşlığı möhkəmləndirməyə davam edəcək
- 14 noyabr, 2025
- 14:52
Azərbaycan MDB məkanında humanitar əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətindədir.
"Report"un MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasına (MDB PA) istinadən verdiyi məlumata görə, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov MDB PA-nın 59-cu plenar iclasında bildirib.
Onun sözlərinə görə, seçkilərin və referendumların monitorinqi MDB PA-nın işinin prioritet istiqamətlərindən biridir və müşahidəçilərin iştirakı demokratik standartların möhkəmləndirilməsinə töhfə verir:
"Assambleyanın MDB ölkələrinin çoxtərəfli qarşılıqlı əlaqəsinin mühüm platforması kimi fəaliyyətinə xüsusi diqqət yetirilib. MDB Parlamentlərarası Assambleyası özünü sosial, iqtisadi və humanitar məsələlərin həllinə ümumi yanaşmalar hazırlayan səmərəli çoxtərəfli əməkdaşlıq mexanizmi kimi təsdiqləyib".
Z.Əsgərov həmçinin seçkiləri müşahidə edən və seçki prosedurlarının obyektiv qiymətləndirilməsinə, eləcə də onlara inamın gücləndirilməsinə töhfə verən MDB PA-nın Bakı filialının nümayəndələrinin fəal işini vurğulayıb.
"Azərbaycan MDB məkanında birlik və qarşılıqlı anlaşma ruhunu gücləndirərək humanitar əməkdaşlığı bundan sonra da inkişaf etdirəcək", - o qeyd edib.