Yuri Qusev: Ukrayna Azərbaycanın köməyini və qarşılıqlı olaraq suverenliyin dəstəyini qiymətləndirir
- 21 noyabr, 2025
- 18:00
Ukrayna və Azərbaycanı ortaq tarixi çağırışlar, həmçinin ərazi bütövlüyü və suverenliyin dəyişməz dəstəyi birləşdirir.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin ölkəsinin Ləyaqət və Azadlıq Günü münasibətilə bəyanatında deyilir.
"Ukraynaya göstərilən köməyi və ölkələrimizin qarşılıqlı suverenlik dəstəyini yüksək qiymətləndiririk", - səfir deyib.
Diplomat vurğulayıb ki, Ukraynada hərbi əməliyyatlara baxmayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir:
"Ümumi prioritet ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsidir. Azərbaycan istiqamətinə Ukrayna ixracının müxtəlif mövqelər üzrə 10–15% sabit artımı müşahidə olunur, qarşılıqlı ixrac-idxal əməliyyatlarının nomenklaturası genişlənir".
O qeyd edib ki, enerji sahəsində yeni imkanlar yaranır:
"Azərbaycan qazının Ukraynaya test tədarükü həyata keçirilib. Biz qaz tədarüklərinə dair uzunmüddətli müqavilələr imzalamaqda və Ukraynanın və Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan layihələri həyata keçirməkdə maraqlıyıq. Perspektivli layihələr arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq da var".
Bundan əlavə Ukraynanın səfiri nəqliyyat sahəsində də əməkdaşlığın genişlənməsini vurğulayıb:
"Qara dəniz və Xəzər dənizi vasitəsilə nəqliyyat yollarının bərpası və genişləndirilməsi üzərində işləyirik, o cümlədən GUAM nəqliyyat dəhlizi kimi regional formatları inkişaf etdiririk".
Onun sözlərinə görə, Ukrayna Azərbaycanın limanlarından, avtomobil və dəmir yollarından Avropaya daşımalar üçün tranzit imkanlarında maraqlıdır.
"Öz növbəsində, Azərbaycan dövlət və biznes qurumları Ukraynada etibarlı tərəfdaş görür və öz yükləri və enerji resursları üçün tranzit ölkə kimi dəyərləndirir. Bütün bu addımlar ölkələrimizin xalqlarının rifahı və ədalətli sülh naminə çiyin-çiyinə irəliləmək niyyətini təsdiqləyir".
Səfir iki xalqın birliyi və Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlığı bizə bu gün çox ehtiyac duyulan sülhün uzunmüddətli və ədalətli olacağına inam verdiyinə əmin olduğunu bildirib.
"Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanan ədalətli sülhə can atır və bu sülhü yaxınlaşdırırıq – elə bir sülh ki, burada dövlətlərin sərhədləri, müstəqillik və suverenlik toxunulmazdır və hər bir millət öz gələcəyini ləyaqətlə və azad şəkildə qura bilər".