Yuri Qusev: Ukrayna Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini yüksək qiymətləndirir

Xarici siyasət
  • 24 fevral, 2026
  • 10:48
Yuri Qusev: Ukrayna Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini yüksək qiymətləndirir

Ukrayna Azərbaycanın beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və xüsusilə sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanan mövqeyini yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna müharibəsinin başlamasının dördüncü ildönümü ilə bağlı məqaləsində bildirib.

"Müasir dünyada bunlar abstrakt formullar deyil - bunlar qlobal təhlükəsizliyin təməlidir və öz ərazi bütövlüyünü bərpa etmək uğrunda uzun və çətin yol keçmiş Azərbaycan Respublikası bizi bir çox digər ölkələrdən daha yaxşı anlayır", - o qeyd edib.

Qusev əlavə edib ki, Kiyev beynəlxalq tərəfdaşlara siyasi, humanitar, iqtisadi və enerji sahələrində göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirir.

"Xüsusi təşəkkür sözlərini Azərbaycan Respublikasına - onun rəhbərliyinə və xalqına ünvanlamaq istəyirəm ki, onlar müharibənin ilk günlərindən Ukraynaya səmimi həmrəylik nümayiş etdiriblər. Azərbaycan ölkəmizin zərər çəkmiş regionlarına humanitar yardım göstərib və göstərməkdə davam edir, Ukraynaya həyati əhəmiyyətli avadanlıqlar, ilk növbədə, enerji sahəsi üçün vasitələr göndərir, sosial infrastrukturun bərpasını dəstəkləyir", - səfir əlavə edib.

O qeyd edib ki, bu günə olan məlumata görə, Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri 45 milyon ABŞ dollarını ötür: "Bu yardım yalnız praktiki deyil, həm də dərin simvolik əhəmiyyət daşıyır - o göstərir ki, Ukrayna tək deyil, çətin zamanlarda bizi azadlığın, suverenliyin və ərazi bütövlüyünün dəyərini anlayan dostlar və həqiqi qardaşlar dəstəkləyir".

Səfir bildirib ki, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı hörmət və dəstəyin möhkəm tarixi təməli üzərində qurulub. Səfirin sözlərinə görə, Kiyev Bakı ilə siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, humanitar və mədəni əlaqələrin daha da inkişafında maraqlıdır.

"Bu gün Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin nəticələri regionumuzdan xeyli kənara çıxır. O, qlobal ərzaq təhlükəsizliyinə, enerji bazarlarına və logistika zəncirlərinə təsir göstərib. Rusiya ərzaq və enerji resurslarını qəsdən qlobal təzyiq aləti kimi istifadə edir. Ukrayna isə öz ərazisində genişmiqyaslı hərbi əməliyyatlara baxmayaraq, dünya ərzaq sabitliyinin təmin olunmasında mühüm rol oynamaqda davam edir, o cümlədən buna kəskin ehtiyacı olan ölkələrə taxıl tədarük edir.

Biz yalnız öz torpağımızı müdafiə etmirik - biz müasir dünya nizamının əsasını təşkil edən prinsipləri müdafiə edirik: müstəqillik hüququnu, inkişaf hüququnu, xalqların müharibəsiz, ədalətli dünyada yaşamaq hüququnu", - Y.Qusev qeyd edib.

Diplomat əlavə edib ki, Ukrayna beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş əməkdaşlığa, dialoqa və birgə təşəbbüslərə açıq qalır.

"Biz gələcəyə baxırıq. Ukrayna mübarizəni davam etdirir. Ukrayna bərpa olunur. Ukrayna islahatlar aparır. Ukrayna beynəlxalq tərəfdaşlıqlarını gücləndirir. Və Ukrayna mütləq qalib gələcək - çünki o, həqiqəti, azadlığı, yaşamaq və inkişaf etmək hüququnun özünü müdafiə edir", - o deyib.

Səfir əminliyini bildirib ki, beynəlxalq həmrəylik nə qədər möhkəm olarsa, beynəlxalq hüquq prinsiplərini müdafiə edən dövlətlərin səyləri nə qədər çox birləşərsə, ədalətli və davamlı sülh bir o qədər tez bərqərar olacaq.

Y.Qusev Azərbaycanın göstərdiyi dəstəyə, dostluğa və ən çətin günlərdə uzadılan qardaş kömək əlinə görə bir daha səmimi təşəkkürünü bildirib.

"Biz bunu yüksək qiymətləndiririk. Biz bunu unutmuruq. Və əminik ki, qarşıda ölkələrimiz üçün strateji tərəfdaşlığın genişlənməsi, uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı etimada, hörmətə və xalqlarımızın ümumi sülh və firavan gələcəyinə əsaslanan həqiqi dostluğun yeni səhifələri var", - o vurğulayıb.