Yəmənin səfiri: Azərbaycanın uğurlarını böyük heyranlıqla müşahidə edirik

Xarici siyasət
  • 07 oktyabr, 2026
  • 13:37
Yəmənin səfiri: Azərbaycanın uğurlarını böyük heyranlıqla müşahidə edirik

Azərbaycanın iqtisadi yüksəlişi və strateji mövqeyi, əldə olunan inkişaf, demək olar ki, bütün sahələrdə qazanılan uğurlar böyük heyranlıqla müşahidə edilir.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Yəmənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq deyib.

Diplomat qeyd edib ki, xüsusilə, neft və təbii qaz sektorlarında Azərbaycanın kifayət qədər mühüm mövqeyə sahib olduğu görünür:

"Hətta kosmik sahəyə də böyük diqqət ayırdığınız müşahidə olunur və bu istiqamətdə də uğurlu nəticələr əldə edəcəyinizə inanıram".

Səfir xatırladıb ki, sovetlər dönəmində də Yəmənin Azərbaycanla çox yaxşı əlaqələri olub:

"Həmin dövrdə Azərbaycanın mütəxəssisləri Yəməndə, xüsusilə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstəriblər. Yəmənli tələbələr Azərbaycanda təhsil alıb. Onların bəziləri Azərbaycanda məskunlaşıb, ailə qurub, övladları, nəvələri burada böyüyüb".

O bildirib ki, Yəmən dövləti bütün bunları iki ölkə arasında mövcud olan tarixi əlaqələrin mühüm hissəsi kimi qiymətləndirir:

"İndi əsas məqsədimiz həmin tarixi bağları müasir dövrün imkanları ilə tamamlayaraq, yeni əməkdaşlıq istiqamətləri yaratmaqdır".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.