Xüsusi tapşırıqlar üzrə səfir: Elm diplomatiyada mühüm rol oynayır
- 05 fevral, 2026
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" çərçivəsində "Tərbiyəvi təsir: elmin, siyasətin və kommunikasiyanın diplomatiyada rolu" mövzusunda panel müzakirəsi keçirilib.
"Report" xəbər verir ki, iştirakçılar müasir diplomatiyanın formalaşmasında təhsilin, elmi yanaşmanın və effektiv kommunikasiyanın əhəmiyyətini müzakirə ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov qeyd edib ki, elm diplomatiyada mühüm rol oynayır, ümumi maraqları müəyyən etməyə və beynəlxalq münasibətlərdə kompromis həllər tapmağa kömək edir.
O vurğulayıb ki, Bakıda keçirilən COP29 konfransında məhz elmin diplomatik proseslərdə roluna xüsusi diqqət yetirilib.
E.İsgəndərovun sözlərinə görə, COP29 göstərdi ki, elmi tövsiyələr və böyük məlumatların təhlili diplomatlara bütün tərəflərin maraqları nəzərə alınmaqla uzunmüddətli və davamlı qərarlar hazırlamağa kömək edir.
Öz növbəsində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, təhsil "yumşaq güc"ün ən təsirli formalarından biridir.
M.Kərimli vurğulayıb ki, xaricdə təhsil almaq ölkələr arasında mədəni əlaqələrin formalaşmasına kömək edir: "Azərbaycanda təhsil alan xarici tələbələr gələcəkdə mədəniyyətlər və ölkələr arasında körpü ola bilərlər. Təhsil yumşaq gücün effektiv alətidir. Diplomatiya və təhsil sahəsində mədəni fərqliliklərə baxmayaraq, birlik xüsusilə vacibdir".
Müzakirə iştirakçıları müasir texnologiyaların və kommunikasiyaların diplomatların cəmiyyət və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqəsinin effektivliyinin artırılmasında rolunu, eləcə də gənclərin qlobal məsələlərin həllinə innovativ yanaşmaları tətbiq etmək imkanlarını müzakirə ediblər.