XİN başçısı: "3+3 formatında ilk danışıqların nəticələrini müsbət qiymətləndirirəm"

Xarici siyasət
  • 12 dekabr, 2021
  • 08:25
XİN başçısı: 3+3 formatında ilk danışıqların nəticələrini müsbət qiymətləndirirəm
Ceyhun Bayramov

"Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbbüskarı olublar".

"Report"un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Moskvada bu təşəbbüsün reallaşdırılması ilə bağlı danışıqlar aparılıb:

"Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini müsbət qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əmin-amanlığın bərpa edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirəyə çıxarıblar".

O vurğulayıb ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir".