Xalid Xalafalla: İslam maliyyəsi energetika və infrastruktur layihələri üçün səmərəlidir
- 17 iyun, 2026
- 11:37
Yeniliklərdən dərhal xəbərdar olun!
İslam maliyyəsi real aktivlərə və uzunmüddətli iqtisadi dəyərə istiqamətləndiyi üçün energetika, su təchizatı, bərpa olunan enerji mənbələri və digər infrastruktur sahələrində layihələrin həyata keçirilməsi üçün çox uyğundur.
"Report" xəbər verir ki, bu barədə İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsindəki sessiyada bildirib.
Onun sözlərinə görə, İslam və ənənəvi maliyyə alətlərinin strukturunu iri layihələrin həyata keçirilməsi üçün maneə adlandırmaq olmaz: "Zaman layihələrin əsas düşmənidir, çünki resursların, materialların və maliyyələşdirmənin dəyəri daim dəyişir".
X.Xalafalla qeyd edib ki, investorların və kreditorların əsas işi risklərin, layihənin iqtisadi modelinin, onun dayanıqlılığının və bütün iştirakçılar üçün uzunmüddətli cəlbediciliyinin qiymətləndirilməsi ilə bağlıdır.
ICIEC rəhbərinin sözlərinə görə, İslam maliyyə alətləri real aktivlərin maliyyələşdirilməsinə əsaslandığına görə elektrik stansiyalarının, su təchizatı obyektlərinin, şəbəkə infrastrukturunun və bərpa olunan enerji mənbələrinin inşası layihələrində onlara xüsusilə tələbat var.