Vyetnamın Baş prokurorunun müavini: Korrupsiyaya qarşı qlobal təşəbbüsləri dəstəkləyəcəyik

Xarici siyasət
  • 20 may, 2025
  • 16:53
Vyetnamın Baş prokurorunun müavini: Korrupsiyaya qarşı qlobal təşəbbüsləri dəstəkləyəcəyik

Vyetnam “GlobE Network” daxil olmaqla, çoxtərəfli əməkdaşlıq mexanizmləri çərçivəsində korrupsiya cinayətlərinə qarşı mübarizədə qarşılıqlı dəstək göstərmək niyyətindəyik.

"Report" xəbər verir ki, bu barədə Vyetnamın Baş prokurorunun müavini Nquyen Quanq Zunq Bakıda keçirilən “GlobE Network”un 6-cı plenar iclasının sessiyası çərçivəsində jurnalistlərə bildirib.

O, sessiyanın Azərbaycanda təşkilini yüksək qiymətləndirib: "Bu il gözəl Bakı şəhərində keçirilən görüşdə iştirak etmək bizim üçün böyük şərəfdir. İclasın uğurla keçiriləcəyinə inanırıq".

Baş prokurorun müavini bildirib ki, Vyetnam Azərbaycanla qurulan uzunmüddətli dostluq münasibətləri ilə qürur duyur: "Keçmişdə bir çox vyetnamlı tələbə Azərbaycanda təhsil alıb və bu gün dövlət qurumlarında rəhbər vəzifələr tuturlar. Bundan əlavə, Azərbaycan Vyetnamın neft və qaz sənayesinin qurulması və inkişafında əhəmiyyətli dəstək göstərib. Bu isə ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərib".

N.Zunq həmçinin Azərbaycan xalqına Vyetnamın milli müstəqillik uğrunda mübarizəsində və milli inkişaf prosesində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Baş prokurorun müavini xatırladıb ki, 2023-cü ilin mart ayında Vyetnamın Ali Xalq Prokurorluğu və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında cinayətkarlıqla mübarizə, ictimai maraqların qorunması və prokurorların ixtisasının artırılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əsas olan anlaşma memorandumu imzalanıb.

44 filmi