Vüqar Süleymanov: Minatəmizləmə fəaliyyəti Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun aparılır
- 08 sentyabr, 2026
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycan minatəmizləmə sahəsində öz təcrübəsini inkişaf etdirməyə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə hazırdır:
"Təmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuları aşkar edən detektor və maqnetik-lokatorlar, dərin axtarış cihazları, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlar, tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə vasitələrindən, eləcə də ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Məqsəd həm təhlükəsizliyi maksimum təmin etmək, həm də iş prosesini daha səmərəli qurmaqdır. Biz inanırıq ki, süni intellekt, rəqəmsal texnologiyalar və erkən xəbərdarlıq mexanizmləri insanların həyatının qorunmasına, risklərin azaldılmasına və təhlükəsiz inkişafın təmin edilməsinə mühüm töhfə verə bilər".