Vüqar Rəhimzadə: Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib
- 11 noyabr, 2025
- 14:25
Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
O qeyd edib ki, Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı bir daha ən yüksək səviyyədə nümayiş etdirildi:
"Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistanın dövlət himnlərinin səsləndirilməsi bu üç ölkənin xalqları ilə ordularının birliyinin əyani təzahürü idi. Üç dövlətin birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib. Bu birlik tarixi zəfərimizdən sonra daha da möhkəmlənib. 2021-ci ilin iyununda Azərbaycan və Tükiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının ardınca həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Bakıda bir araya gələrək birliyimizin təqdimatı olan Bakı Bəyannaməsini imzaladılar. Ölkələrimiz arasında əlaqələr müxtəlif səviyyələrdə uğurla inkişaf etdirilir. Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çiyin-çiyinə dayanaraq şanlı zəfərimizin qürurunu birgə yaşamalarının sevinci səsləndirdikləri çağırışlarda da özünün aydın ifadəsini tapdı".
V.Rəhimzadə vurğulayıb ki, dünyanın diqqətini Azərbaycana, onun yaratdığı yeni reallıqlara yönəldən hərbi paradda dövlət başçısı İlham Əliyevin səsləndirdiyi hər bir fikir dünənə baxış və gələcəyə yönələn çağırış olub:
"Bu gün Azərbaycan Ordusunun texnikası həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından dünyada ön sıralardadır. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olundu. Bu müxtəliflik ordunun, eyni zamanda, həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Yüksək döyüş hazırlığı səviyyəsinə malik olan Azərbaycan Ordusu regionda sülhün və sabitliyin qorunmasında ölkəmizin rolunu daha da möhkəmləndirir".
Deputat bildirib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlıdır:
"Tarixi zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinə beynəlxalq dəstək də bunun bariz nümunəsidir. Türkiyə və Pakistan liderləri çıxışlarında tarixi zəfərimizin reallıqları fonunda bu məqamı xüsusi qeyd etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bölgəmizdə yeni bir dövrün qapıları açılıb. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük".
V.Rəhimzadə Azərbaycanın zəfərinin Türk dünyasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsini bir hədəf kimi qarşıya qoyduğunu vurğulayıb.