Vladanka Andreyeva: DİM-lərə nail olmağı Azərbaycandan öyrənməyə hazır olan ölkələr var

Xarici siyasət
  • 29 may, 2024
  • 11:12
Vladanka Andreyeva: DİM-lərə nail olmağı Azərbaycandan öyrənməyə hazır olan ölkələr var

Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində irəliləyişlərin sürətləndirilməsinə sadiqliyini nümayiş etdirir.

Bunu “Report”a müsahibəsində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib.

“Ötən ilin sentyabrında keçirilən DİM Sammitində Azərbaycan DİM-ə nail olmaq üçün öz ambisiyalarını və öhdəliklərini təsdiqləyən 40 ölkədən biri olub. Yüksək səviyyəli siyasi öhdəlik bir sıra göstəricilər üzrə əhəmiyyətli irəliləyişlərə səbəb olub”, - o bildirib.

V.Andreyeva vurğulayıb ki, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən 2015-2023-cü illər üzrə aparılmış DİM-in tərəqqisinin təhlilinə əsasən, Azərbaycan DİM indikatorlarının 61-i üzrə irəliləyiş nümayiş etdirib: “Birgə səylər və investisiyalar məqsədlərə çatmaq yolunda irəliləyişi daha da sürətləndirməyə kömək edə bilər”.

Onun sözlərinə görə, Azərbaycan DİM-ə nail olmaq üzrə irəliləyişin dördüncü könüllü milli icmalını hazırlayır: “Biz Laos Xalq Demokratik Respublikası ilə işləyirik, çünki Azərbaycandan öyrənmək istəyən ölkələr də var, Laosdan olan nümayəndə heyəti artıq burada olub. Laos Azərbaycan hökumətinin DİM-ə nail olmaqda necə irəliləyiş əldə etdiyini və könüllü milli icmalın hazırlanmasındakı təcrübəsini öyrənmək istəyir”.

BMT-nin rezident-əlaqələndiricisi vurğulayıb ki, bu, regional və beynəlxalq dayanıqlı inkişaf platformalarında Azərbaycanın liderliyinin daha bir gözəl nümunəsidir, əldə olunan uğurları, çətinlikləri və dərsləri bölüşməyə, həmçinin qarşılıqlı öyrənməyə kömək etməyə imkan verir.