Viktor Orban: Son yeddi ildə türk dövlətləri ilə münasibətlər Macarıstan üçün böyük əhəmiyyət kəsb etməyə başlayıb
- 21 may, 2025
- 12:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Son yeddi ildə türk dövlətləri ilə münasibətlər Macarıstan üçün daha da böyük əhəmiyyət kəsb etməyə başlayıb.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban mayın 21-də paytaxt Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, TDT-nin üzv və müşahidəçi ölkələri arasında dostluq çox önəmlidir
V.Orban deyib ki, Macarıstan üç ildir müharibənin kölgəsində yaşayır:
“Bunun qarşısını ala bilməsək də, türk dövlətlərinin köməyi ilə bizə təsirini azalda bildik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Rusiya-Ukrayna arasında sülh missiyasını üzərinə götürdüyü üçün təbrik edirəm. Bir çox ölkələr kimi, biz də müharibə səbəbindən enerji böhranı yaşayırıq. Bu gün Avropa daxilində qaz və enerji ehtiyacı üç-dörd dəfə artıb və nəticə etibarilə rəqabətədavamlı ola bilmirik. Çünki mövcud vəziyyət Avropanın təməlini sarsıdıb".
Baş nazir daha sonra Özbəkistan və Qırğızıstanla münasibətlərə toxunaraq bu ölkələrlə iqtisadi inkişafa töhfə verəcək addımlar atıldığını vurğulayıb.