"Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyinin əbədi olduğunu təsdiqlədi" - RƏY

Xarici siyasət
  • 04 may, 2023
  • 13:31
Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyinin əbədi olduğunu təsdiqlədi - RƏY

"44 günlük Vətən müharibəsi və ondan sonra baş verənlər Türkiyə ilə Azərbaycanın birliyinin əbədi olduğunun növbəti təsdiqidir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşaya səfər edən ilk dövlət başçısıdır: “Bu bir həqiqətdir ki, tarix boyu birlikdə olan Türkiyə və Azərbaycan gələcəyə də birgə addımlayır. Bu birlik isə özündə inkişaf və sabitliyi ehtiva edir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi bütün bu şanlı tarix bizim müştərək tariximizdir”.

Deputat deyib ki, tarixi Zəfərimizdən sonra azad Şuşaya reallaşan səfər, həmçinin Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bir daha iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir: “Cənab Prezident mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransdakı çıxışında da bu məsələnin üzərində xüsusi olaraq dayandı. Dövlət başçısı bəyan etdi ki, bu Bəyannamənin imzalanması tarixi hadisə idi. Cənab Prezident onu da vurğuladı ki, buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik”.

V.İskəndərov söyləyib ki, sözügedən tədbirdə Prezident İlham Əliyev iki qardaş ölkənin gələcək münasibətlərindən də bəhs edib: “Dövlət başçısı əminliklə bəyan etdi ki, hər iki ölkə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcək. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və s. sahələr olsun”.