Vernon Koaker: London və Bakı müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 15:20
Vernon Koaker: London və Bakı müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək

Böyük Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyi davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Vernon Koaker Britaniya səfirliyinin "X" sosial şəbəkəsində yayımladığı videomüraciətində bildirib.

"Mən dəyərli tərəfdaşla müdafiə əməkdaşlığını dərinləşdirmək və 2025-ci ilin dekabrında ilk səfərim zamanı başlayan işi davam etdirmək üçün Azərbaycandayam", - o bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində yenidən Azərbaycan Prezidenti İlham Əliyevlə, həmçinin Azərbaycan nazirliklərinin nümayəndələri ilə görüşüb.

"Getdikcə daha çox qeyri-müəyyən və təhlükəli dünya şəraitində etimada və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığımız həmişəkindən daha vacib xarakter alır. Strateji tərəfdaşlığımız ən mühüm sahələrdə - iqtisadi artım, təhlükəsizlik və innovasiyalar sahəsində əməkdaşlığı dərinləşdirməyə imkan verəcək", - nazir qeyd edib.

O, həmçinin Böyük Britaniyanın müdafiə sənayesinin innovasiyaların ön sıralarında olduğunu vurğulayıb.

"Fəxr edirəm ki, 18 Britaniya şirkətindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycanın müdafiə sərgisində Böyük Britaniya Müdafiə Nazirliyinin stendində iştirak edir", - Koaker deyib.

"Mən buradan müdafiə əməkdaşlığımızı bundan sonra da dərinləşdirməyə davam edəcəyimizə inam və nikbinliklə ayrılıram", - o əlavə edib.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koaker və 18 Britaniya şirkətinin nümayəndələri VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) iştirak edirlər.