Vaskes: Kadr çatışmazlığı şəhər planlaşdırılmasında süni intellektdən istifadəni ləngidir

Xarici siyasət
  • 22 may, 2026
  • 12:54
Vaskes: Kadr çatışmazlığı şəhər planlaşdırılmasında süni intellektdən istifadəni ləngidir

Dövlət sektorunda ixtisaslı kadrların kəskin çatışmazlığı və təlim keçmiş mütəxəssislərin kommersiya şirkətlərinə üstünlük verməsi bələdiyyə planlaşdırılmasında süni intellektin uzunmüddətli tətbiqində əsas maneələrdir.

"Report" xəbər verir ki, bunu Amerikalararası İnkişaf Bankının (IDB) süni intellekt üzrə mütəxəssisi Antonio Vaskes Bakıda keçirilən WUF13-də bildirib.

Onun sözlərinə görə, gecəqonduların xəritəsinin hazırlanması problemi texnologiyaların mürəkkəbliyində deyil, insan amilindədir. Dövlət qulluğunda əməkhaqqı çox vaxt kifayət qədər yüksək olmur, bu səbəbdən də ciddi kadr axını yaranır.

"Yerli hakimiyyət orqanları üçün istedadları əldə saxlamaq çox çətindir, buna görə də çox vaxt hökumət ofislərində xəritələrin müntəzəm yenilənməsi üçün süni intellekt sistemlərinin fasiləsiz işini dəstəkləyəcək kimsə olmur", - o qeyd edib.

O əlavə edib ki, Yerin müşahidəsi məlumatlarının emalı üzrə mütəxəssis çatışmazlığı problemi, texnologiyaların sürətlə ucuzlaşmasına baxmayaraq, bələdiyyələrin şəhər dəyişikliklərinin daimi monitorinqinə keçidini əhəmiyyətli dərəcədə ləngidir.