Valeriya Ciannotta: Azərbaycan-İtaliya münasibətləri üzrə təcrübə bütün Aİ üçün faydalı ola bilər
- 27 oktyabr, 2026
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Son illərdə İtaliya və Azərbaycan arasında münasibətlər ortaq maraqlara əsaslanan daha praqmatik qarşılıqlı fəaliyyət modelinə keçid sayəsində nəzərəçarpacaq dərəcədə möhkəmlənib, enerji əməkdaşlığı isə iki ölkənin yaxınlaşması üçün əsas amillərdən birinə çevrilib.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bunu İtaliyanın CeSPI rəsədxanasının elmi direktoru Valeriya Ciannotta Brüsseldəki Eqmont İnstitutunda Azərbaycan və Avropa İttifaqının beyin mərkəzlərinin forumunda deyib.
"Corcia Meloni hökumətinin hakimiyyətə gəlməsi ilə İtaliya qarşılıqlı faydalı tərəfdaşlığa yönəlmiş daha praqmatik yanaşma kursu götürüb. Bu gün ideoloji baxışlardan daha çox ortaq maraqlara üstünlük verilir", - Ciannotta forumda bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Azərbaycan enerji resurslarının tədarükçüsü kimi İtaliya üçün xüsusi əhəmiyyət kəsb edib. Ciannotta həmçinin bu yaxınlarda regional bazarlardakı qeyri-sabitlik və neft qiymətlərinin dəyişməsi fonunda İtaliyaya dəstək verilməsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rolunu qeyd edib. Onun sözlərinə görə, bu, ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə kömək edib.
Eyni zamanda ikitərəfli qarşılıqlı fəaliyyət enerji sahəsi çərçivəsindən çox kənara çıxır. Ekspert əməkdaşlığın digər perspektivli istiqamətləri sırasında sənaye, rəqəmsallaşma, gömrük inzibatçılığının modernləşdirilməsi və nəqliyyat marşrutlarının, o cümlədən Orta Dəhlizin inkişafını qeyd edib.
"İtaliya və Azərbaycanın bir-birini tamamladığını anlamaq üçün xəritəyə baxmaq kifayətdir", - o deyib və İtaliyanın Aralıq dənizində, Azərbaycanın isə Cənubi Qafqazda Asiya ilə əlaqələndirici halqa kimi strateji əhəmiyyətini vurğulayıb.
Ekspert hesab edir ki, ikitərəfli münasibətlər təcrübəsi Avropa İttifaqı üçün də faydalı ola bilər. Brüssel ideoloji fikir ayrılıqlarını aradan qaldıraraq praqmatik əməkdaşlığa və qarşılıqlı faydalı həllərin axtarışına daha çox diqqət yetirməlidir.
O həmçinin təhsil və xalq diplomatiyası sahəsində əməkdaşlığın uğurlu nəticəsi kimi İtaliya-Azərbaycan Universitetini nümunə gətirib ki, bu da digər Avropa ölkələri üçün model ola bilər.
"Sabitlik əməkdaşlıqla təmin olunur", - ekspert vurğulayıb.