Valeri Çeçelaşvili: Almaniya-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artıracaq

Xarici siyasət
  • 23 iyul, 2026
  • 16:31
Valeri Çeçelaşvili: Almaniya-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artıracaq

Almaniya və Azərbaycan arasında ikitərəfli tərəfdaşlıq üzrə Strateji Gündəliyə dair Birgə Bəyannamənin imzalanması təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət daşıyır.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi və analitik Valeri Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsi siyasətini davam etdirir və Almaniya ilə strateji tərəfdaşlıq gündəliyinə dair birgə bəyannamənin imzalanması bu siyasətin mühüm nəticələrindən biridir.

"Hesab edirəm ki, Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlığın gündəliyinə dair birgə bəyannamə son dərəcə mühüm sənəddir", - o deyib.

Onun sözlərinə görə, Almaniya dünyanın ən güclü iqtisadiyyatlarından biridir və bu əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirməmək mümkün deyil.

Ekspert hesab edir ki, strateji tərəfdaşlıq yalnız Almaniya-Azərbaycan münasibətlərinin inkişafına deyil, eyni zamanda Almaniyanın Cənubi Qafqazdakı rolunun və iştirakının güclənməsinə də xidmət edəcək.

"Cənubi Qafqazda Almaniya kimi dövlətlərin sayı və rolu nə qədər artarsa, region üçün də bir o qədər yeni imkanlar və perspektivlər açılacaq. Məhz buna görə də mən bu səfəri təkcə Azərbaycan-Almaniya münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün də son dərəcə mühüm hadisə hesab edirəm", - deyə o qeyd edib.