ÜST rəhbəri: ABŞ tərəfindən maliyyələşdirmənin dondurulması 50 ölkədə İİV müalicəsini dayandırıb
- 13 mart, 2025
- 16:05
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ tərəfindən PEPFAR (ABŞ Prezidentinin QİÇS-lə Mübarizə üzrə Fövqəladə Planı) proqramının maliyyələşdirilməsinin dondurulması 50-dən çox ölkədə İnsan immunçatışmazlığı virusunun (İİV) müalicəsinin, testləşdirilməsinin və profilaktikasının dayandırılmasına səbəb olub.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O vurğulayıb ki, proqnozlara görə, artıq 2025-ci ildə dünya ictimaiyyəti 15 milyon malyariya xəstəliyi və 10 milyondan çox İİV xəstəliyi halı ilə üzləşə bilər:
"Bundan əlavə, ABŞ tərəfindən maliyyələşdirmənin dayandırılması qızılca və məxmərək epidemiyalarının aşkarlanması ilə məşğul olan 700-dən çox ÜST laboratoriyasının işini təhlükə altına qoyur. Bu da yerli epidemiyaların riskini artırır".
T.Qebreyesusun sözlərinə görə, maliyyələşdirmənin dayandırılması səbəbindən həssas əhali təbəqələrindən təxminən 24 milyon insan əsas tibbi xidmətlərə çıxışdan məhrum ola bilər: “Təhlükəli humanitar vəziyyətlərdə tibbi yardım göstərən 2600-dən çox müəssisə artıq xidmətlərini qismən dayandırıb və ya yaxın zamanda bunu edəcək”.
"ABŞ-nin maliyyələşdirməni kəskin şəkildə azaltması xəstəliklərlə mübarizədə əldə edilmiş irəliləyişi heçə endirə bilər", - ÜST-ün rəhbəri qeyd edib.