UN-Habitat: COP29 Bakı şəhərinin yeni inkişaf istiqamətini müəyyən edib

Xarici siyasət
  • 20 may, 2026
  • 15:16
UN-Habitat: COP29 Bakı şəhərinin yeni inkişaf istiqamətini müəyyən edib

2024-cü ildə COP29 çərçivəsində irəli sürülən təşəbbüslər artıq Bakının şəhər mühitinin inkişafına yanaşmanı dəyişməyə başlayıb - bu, ictimai məkanların və nəqliyyat infrastrukturunun modernləşdirilməsini əhatə edir.

"Report"un məlumatına görə, bunu UN-Habitat-ın Azərbaycandakı rəhbəri Anna Soave Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bəyan edib.

Onun sözlərinə görə, COP29 ilə bağlı layihələr artıq Bakıda şəhər inkişafının yeni vektorunu müəyyən edib.

"Azərbaycanda əsl təkan görürəm: COP29 ilə bağlı layihələr Bakıda yeni velosiped yollarının yaradılması, ayrılmış avtobus zolaqları, şəhər mərkəzindəki Xaqani bağının yenidən qurulması və "28 May" metrosu ərazisinin yenidən layihələndirilməsi kursunu müəyyənləşdirib", - o qeyd edib.

Soave vurğulayıb ki, bu dəyişikliklər şəhər mühitində insanyönümlü yanaşmanın həyata keçirilməsi imkanını nümayiş etdirir.

"Bu göstərir ki, şəhərdə insanyönümlü dizayn tamamilə mümkündür, baxmayaraq ki, yenidənqurma zamanı bu, baha başa gəlir. Bu tədbirlər kosmetik təkmilləşdirmələr kimi qəbul edilməməlidir. Onlar şəhər inkişafının fərqli vektorunu müəyyən edir", - UN-Habitat nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, əgər forumun enerjisi uzunmüddətli öhdəliklərə çevrilərsə, WUF13 bu prosesi gücləndirə bilər.

O, həmçinin vurğulayıb ki, mənzil tikintisi, mobillik, iqlimə uyğunlaşma, tullantıların idarə edilməsi və ictimai məkanların layihələndirilməsi vahid qarşılıqlı əlaqəli sistem kimi nəzərdən keçirilməlidir.

Soave qeyd edib ki, müasir şəhər planlaşdırması təkcə infrastrukturla deyil, həm də ictimai sağlamlıq və əhalinin sosial rifahı ilə birbaşa bağlıdır.