"Ümumi mandatlar diplomatiyası": Bakı və Əddis-Əbəbə tərəfdaşlığı genişləndirir

Xarici siyasət
  • 24 avqust, 2026
  • 12:50
Ümumi mandatlar diplomatiyası: Bakı və Əddis-Əbəbə tərəfdaşlığı genişləndirir

COP32-yə hazırlıq Azərbaycan və Efiopiyanın sürətlə yaxınlaşması üçün katalizator rolunu oynayaraq, iqlim əməkdaşlığını Qafqaz və Afrika arasında daha geniş strateji tərəfdaşlığın əsasına çevirib.

"Report" xəbər verir ki, bu barədə Efiopiya Beynəlxalq Əlaqələr İnstitutunun "Ümumi mandatlar diplomatiyası: iqlim estafetinin Bakıdan Əddis-Əbəbəyə ötürülməsi Afrika və Qafqaz arasında yeni tərəfdaşlığın əsasını necə qoyur" adlı məqaləsində bildirilib.

Müəlliflər qeyd edib ki, COP32 Efiopiya ilə 2024-cü ildə COP29-a uğurla ev sahibliyi etmiş Azərbaycan arasında tərəfdaşlığın sürətlə formalaşmasına kömək edən mexanizmə çevrilib. Bu prosesin əsasında "ümumi mandatlar diplomatiyası" adlanan anlayış dayanır. Mahiyyəti ondan ibarətdir ki, ardıcıl olaraq oxşar beynəlxalq səlahiyyətlərə - bu halda COP-a sədrlik - edən dövlətlər texniki əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafı üçün davamlı kanala çevirirlər.

Beləliklə, iqlim estafetinin Bakıdan Əddis-Əbəbəyə ötürülməsi artıq birbaşa iqlimlə bağlı olmayan sahələrdə əməkdaşlıq üçün imkanlar yaradıb.

"2026-cı il fevralın 27-də Azərbaycan və Efiopiya tərəfindən imzalanmış COP32 üzrə anlaşma memorandumu sadəcə texniki razılaşma deyil, daha genişmiqyaslı strateji qarşılıqlı fəaliyyət alətinə çevrilib. İqlim gündəliyi ilə yanaşı, o, müdafiə, investisiyalar, kənd təsərrüfatı, media və korrupsiyaya qarşı mübarizəni əhatə edir.

Müəlliflər qeyd ediblər ki, Bakının COP29 üzrə təcrübəsi Efiopiyaya iqlim sammitinə hazırlıq üçün zəruri olan praktik bilikləri əldə etmək imkanı verir:

"Sammitin uğurla keçirilməsi Efiopiyanın təkcə Afrika diplomatiyasının məkanı kimi deyil, həm də qlobal siyasi proseslərin müstəqil iştirakçısı kimi mövqelərini möhkəmləndirə bilər. Azərbaycanla əməkdaşlıq bu məqsədə nail olmağa kömək edəcək".