Ukraynada tərk edilmiş binalar məcburi köçkünlər üçün yaşayış yerləri kimi yenidən təchiz olunur

Xarici siyasət
  • 21 may, 2026
  • 16:29
Ukraynada tərk edilmiş binalar məcburi köçkünlər üçün yaşayış yerləri kimi yenidən təchiz olunur

Ukraynada sosial proqramlar çərçivəsində tərk edilmiş binalar məcburi köçkünlər üçün yaşayış yerləri kimi yenidən təchiz olunur.

"Report" xəbər verir ki, bu barədə "Kalush Social Housing Project" layihəsinin rəhbəri Nastya Ponomaryova Bakıda WUF13-də panel müzakirəsi çərçivəsində bildirib.

Onun sözlərinə görə, Kaluş şəhərində 15 ildən çox boş qalan bələdiyyə binası yenidən qurulub. Nəticədə orada 150-dən çox məcburi köçkün üçün 40-a yaxın yaşayış sahəsi yaradılıb.

Ponomaryova qeyd edib ki, layihənin hazırlanması zamanı komanda məkanı daha rahat və onların ehtiyaclarına uyğun etmək üçün gələcək sakinlərlə məsləhətləşmələr aparıb.

"İnsanlar bizə deyirdilər ki, məcburi köçkünlükdən və müvəqqəti sığınacaqlarda yaşadıqdan sonra divarlardan başqa qonşularla heç nəyi bölüşmək istəmirlər", - o bildirib.

O vurğulayıb ki, layihə tədricən yataqxana formatından uzaqlaşaraq yığcam ayrı mənzillərə üstünlük verir, eyni zamanda sakinlərin inteqrasiyası və qarşılıqlı əlaqəsi üçün ictimai məkanları qoruyub saxlayır.

44 - Tezliklə