Ukrayna və BMT Bakıda Kiyevə dəstəyi və humanitar məsələləri müzakirə ediblər
- 21 iyul, 2026
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanda yeni təyin olunan BMT-nin rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşərək qlobal humanitar məsələləri və Azərbaycanda əməkdaşlıq perspektivlərini müzakirə edib.
"Report"un məlumatına görə, bu barədə səfir Facebook səhifəsində paylaşım edib.
Tərəflər mövcud beynəlxalq çağırışlar, Birləşmiş Millətlər Təşkilatının sülhün və dayanıqlı inkişafın təşviqində rolu, həmçinin Ukraynanın Bakıdakı Səfirliyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Səfir bildirib ki, görüş zamanı BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə əməl olunmasının vacibliyinə xüsusi diqqət yetirilib.
Tərəflər beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də dayanıqlı inkişafın və sülhün təşviqinə yönəlmiş təşəbbüslər üzrə müntəzəm dialoqu davam etdirmək və birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.
Qusev həmçinin Şlapaçenkoya yeni vəzifəsində uğurlar arzulayıb və səmərəli əməkdaşlığa ümid etdiyini ifadə edib.