TÜRKPA və ATƏT PA baş katibləri regional sülh məsələlərini müzakirə ediblər

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 20:09
TÜRKPA və ATƏT PA baş katibləri regional sülh məsələlərini müzakirə ediblər

İstanbulda keçirilən ATƏT PA-nın 23-cü payız sessiyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsən ATƏT Parlament Assambleyasının (ATƏT PA) Baş katibi Roberto Montella ilə görüşüb.

"Report" xəbər verir ki, R.Həsən iki qurum arasında uzunmüddətli əməkdaşlığı xatırladaraq, Montellanın TÜRKPA-nın formalaşması dövründə, o cümlədən ATƏT PA Baş katibinin müavini vəzifəsində çalışdığı illərdən başlayaraq göstərdiyi mühüm dəstəyi vurğulayıb.

O qeyd edib ki, 15 ildən artıq müddətdə əsası qoyulmuş tərəfdaşlıq bu gün ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün möhkəm zəmin olaraq qalmaqdadır.

Tərəflər həmçinin regional sülh və dialoq məsələləri üzrə fikir mübadiləsi aparıblar. TÜRKPA Baş katibi ATƏT PA-nın regionda sabitliyin dəstəklənməsində konstruktiv rolunu yüksək qiymətləndirib, Qarabağ münaqişəsinin başa çatmasından və Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarından sonra yaranmış müsbət dinamikanı vurğulayıb. Baş katib Vaşinqtonda qəbul edilmiş tarixi qərarın və Azərbaycan ilə Ermənistan arasında sülhün irəliləməsinin TÜRKPA və ATƏT PA arasında əməkdaşlıq üçün yeni bir mühit yaradacağına əminliyini də ifadə edib.

Baş katib TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusunun əldə edilməsi üçün üzv dövlətlərin bütün zəruri prosedur addımlarını atacağını və TÜRKPA Beynəlxalq Katibliyinin öz səlahiyyətləri çərçivəsində tam dəstək göstərməyə hazır olduğunu bildirib. Bundan əlavə, Baş katib "TÜRKPA +" çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, bu məsələyə dair mühüm qərarlar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş son Zirvə toplantısında qəbul edilib.

Səfir Ramil Həsən Montella və onun həmkarlarını onlar üçün uyğun zamanda Azərbaycanın paytaxtı Bakıya və TÜRKPA Beynəlxalq Katibliyinin mənzil-qərargahına dəvət edib. Roberto Montella qısamüddətli təcrübə mübadiləsi ilə bağlı təklifi yüksək qiymətləndirərək qəbul edib.

Görüşdə ATƏT PA Beynəlxalq Katibliyindən Baş katibin müavini Gustavo Pallares, aparat rəhbəri Andreas Baker, baş məsləhətçi İrina Sabaşuk, TÜRKPA Beynəlxalq Katibliyindən isə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova iştirak ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti