TÜRKPA türk dövlətləri arasında koordinasiya qurumu olmağı təklif edir
- 30 oktyabr, 2025
- 19:12
TÜRKPA türk dövlətləri arasında koordinasiya qurumu olmağı təklif edir.
Bunu "Report"a müsahibəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən deyib.
O qeyd edib ki, türk dövlətlərinin beynəlxalq tədbirlərdə iştirak etmədən əvvəl həmin tədbirlərdə təklif edəcəkləri məsələləri bir-biri ilə müzakirə etməsi uğurlu nəticə əldə etmək üçün böyük əhəmiyyət daşıyır:
"Ortaq maraqlarımızın parlamentlərarası beynəlxalq təşkilatlar nəzdində qorunması, qlobal miqyasda haqlarımızın müdafiə edilməsi və nümayəndə heyətlərimizin səsvermə əsnasında bir araya gələrək bir-birləri ilə bütün lazımi məsələləri müzakirəsi üçün biz TÜRKPA-nı bir platforma kimi üzv ölkələrinin parlament sədrlərinə və xarici işlər nazirlərinə təqdim etmişik. Hər birindən də dəstək almışıq".
Müsahib nümunə olaraq diqqətə çatdırıb ki, noyabrın 16-19-da ATƏT Parlament Assambleyasının İstanbulda qış sessiyası keçiriləcək:
"Bu sessiyada bütün üzv ölkələrin nümayəndə heyətləri və rəhbərlər iştirak edəcək. Hesab edək ki, orada Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanla bağlı vacib bir məsələ səsverməyə çıxarılacaq. O məsələ öncədən TÜRKPA katibliyinə təqdim olunur. Təşkilat da bunu digər ölkələrin nümayəndə heyətləri ilə paylaşır. Həmçinin təkliflə çıxış edən ölkə arzu edirsə, o təklifin sürətli şəkildə üzv ölkərin nümayəndə heyətlərinin rəhbərlərinə çatdırılması təmin edilir və nümayəndə heyətləri səsvermə əsnasında və ondan öncə lobbiçilik həyata keçirib başqa ölkələri də bu prosesdə dəstək verməyə cəlb edir. Həmçinin sessiyadakı səsvermə əsnasında nümayəndə heyətlərinin zalda olub səsvermədə iştirak edib dəstəkləmələri də tərəfimizdən təmin edilir. Biz bunu təklif edirik və bunun önəmli mexanizm olduğunu düşünürük".
R.Həsən vurğulayıb ki, zaman-zaman burada axsamalar olduğu üçün türk dövlətlərindən birinin marağına xidmət edən məsələ orada başqa heyətlərin nümayəndələri tərəfindən dəstəklənmir:
"Bu, bilgisizlikdən deyil, koordinasiyasızlıqdan və məlumatsızlıqdan qaynaqlanır. Biz isə koordinasiya təklif edirik ki, bu gün Qazaxıstanı, sabah Özbəkistanı, Qırğızıstanı, o biri gün Türkiyə və Azərbaycanı dəstəkləyək. Beləliklə, ilk koordinasiya toplantısını İstanbulda, ATƏT PA sessiyası çərçivəsində həyata keçirəcəyik".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.