TÜRKPA Macarıstan parlamenti ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
- 11 dekabr, 2025
- 10:30
TÜRKPA Macarıstan parlamenti ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi səfir Ramil Həsən Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin qəbulunda olarkən deyib.
O, həmçinin, "TDT+" konsepsiyası əsasında yeni əməkdaşlıq formatlarının araşdırılmasını da təklif edib.
Eyni zamanda, Ramil Həsən hökumətlərarası və parlamentlərarası strukturlar arasında birgə əməkdaşlığın gücləndirilməsinin vacibliyini, bunun Avropa İttifaqı və Avropa Parlamenti arasındakı əməkdaşlıq modelinə bənzər şəkildə, yüksək səviyyəli qərarların daha səmərəli icrasını təmin edəcəyini vurğulayıb.
Baş katib, həmçinin, həm parlamentarilər, həm də ekspertlər səviyyəsində parlament komitələri, ekspert qrupları və TÜRKPA-nın dörd daimi komissiyası çərçivəsində strukturlaşdırılmış əməkdaşlığın genişləndirilməsini təklif edib.
Laszlo Köver isə Macarıstanın Türk dünyası ilə tərəfdaşlığa önəm verdiyini deyərək ölkə parlamentinin davamlı əməkdaşlığa sadiqliyini təsdiqləyib.
O, həmçinin, Ramil Həsəni 2026-cı ildə Macarıstanda keçiriləcək Hun qurultayı və türk xalqlarının böyük yığıncağına dəvət edib.
Ümumilikdə görüşdə qarşıda duran bir sıra vacib məsələlər müzakirə olunub, o cümlədən gələcək vəzifələr, 2026-cı il üzrə fəaliyyət planı və Macarıstan parlamentinin Avropa institutları ilə TÜRKPA arasındakı əməkdaşlığın inkişafında oynaya biləcəyi xüsusi roldan danışılıb. Eyni zamanda, Macarıstan və türk dövlətləri arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub.