TÜRKPA Azərbaycanın Qarabağ regionundakı qondarma “prezident seçkiləri”ni pisləyib
- 09 sentyabr, 2023
- 19:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Katibliyi 9 sentyabr 2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”ni qətiyyətlə pisləyir.
Bu barədə "Report"a TÜRKPA-dan bildirilib.
"Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi 9 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın yaratdığı qanunsuz rejim tərəfindən təşkil edilən qondarma "prezident seçkiləri"ni qətiyyətlə pisləyir.
Beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması kimi bu təxribatçı addım regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Respublikasının Konstitusiya çərçivəsinə reinteqrasiyası səylərinə zərbə vurur.
TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımlardan çəkinməyə çağırır", - bəyanatda qeyd olunub.