Türkiyəli professor: Qarabağ zəfəri türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb

Xarici siyasət
  • 02 iyun, 2025
  • 11:08
Türkiyəli professor: Qarabağ zəfəri türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb

Qarabağ zəfəri türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Ankara Hacı Bayram Veli Üniversiteti müəllim, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi sədri Mehmet Seyfettin Erol “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda keçirilən dəyirmi masada danışıb.

O qeyd edib ki, Qarabağ zəfəri ilə təbii sərvətlər, həmçinin dəhlizlər məsələsində yeni mərhələyə qədəm qoyulub:

“Bu qələbə yersiz qorxuların aradan qalxmasına yol açıb. Bununla da Türk dünyası diqqət mərkəzinə düşüb. Orta Asiyanı sadəcə, mövcud beş ölkə ilə dəyərləndirməyin doğru olmadığı artıq hər kəsə məlumdur.

Qarabağ zəfəri ilə Türkiyənin Orta Asiya ilə bağlı siyasəti sürətlə sözdən əmələ keçir. Qələbə türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırıb. Türkiyə isə xüsusilə müdafiə sənayesi sahəsində regionda aparıcı aktora çevrilib”.

Professor hesab edir ki, Türkiyə Azərbaycanın Qarabağ zəfəri sayəsində Qafqaz üzərindən Xəzər hövzəsi ilə Orta Asiyanın ayrılmaz parçasına çevrilib:

“Orta Asiya ilə Xəzər regionu üzrə əməkdaşlıqlarda Türkiyənin iştirakı aktivləşib. Bununla belə, Qarabağ zəfəri nəticəsində Türkiyənin bu regionda təsir imkanlarını artırması bəzi qüvvələri ciddi şəkildə narahat edib.

O baxımdan, yaxın gələcəkdə bölgə burada nüfuz uğrunda mübarizə aparanların meydanına çevrilə bilər. Hazırda Xəzər hövzəsinə yönəlik diqqət əhəmiyyətli dərəcədə artıb. Lakin Rusiya-Ukrayna müharibəsinin gələcəyinin naməlum olması problemlərin həllini də qeyri-müəyyən edir".