Türkiyəli nazir: Azərbaycan və digər ölkələrdən mümkün olduğu qədər qaz almalıyıq
- 02 oktyabr, 2025
- 23:06

Rusiya, Azərbaycan, Türkmənistandan mümkün olduğu qədər qaz almalıyıq.
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Qış mövsümü yaxınlaşır. Vətəndaşlarımıza "qaz yoxdur" deyə bilmərik. Bizim Rusiyadan, Azərbaycandan və Türkmənistandan mümkün olan qədər qaz almalıyıq. Təchizat üçün ayrı-seçkilik olmadan bu resurslara çıxışı təmin etməliyik", - nazir əlavə edib.
O həmçinin bildirib ki, BOTAŞ-ın qaz idxalı ilə bağlı danışıqları davam edir: "Bir il əvvəl ABŞ-də LNG ilə bağlı çox vacib danışıqlar aparıldı. Bu ilin martında Hyustonda bir prosesə başladıq. Əslində bunları ictimaiyyətlə paylaşırıq. Bu yaxınlarda imzaladığımız səkkiz təbii qaz sazişimiz var. Amma hər kəs ABŞ-dəki razılaşmalara diqqət yetirir".