Türkiyəli ekspert: Mərkəzi Asiya+Azərbaycan formatı gələcəkdə daha da genişlənəcək
- 24 noyabr, 2025
- 11:12
Mərkəzi Asiya+Azərbaycan formatı getdikcə güclənəcək və gələcəkdə daha da genişlənəcək.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ankara Strateji Araşdırmalar Mərkəzinin (ANKASAM) direktoru Məhməd Seyfəddin Erol Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib.
O, II Qarabağ müharibəsindən sonra Azərbaycanla Türkiyənin regiondakı mövqelərinin xeyli gücləndiyini vurğulayıb:
"Azərbaycanla Türkiyənin türk dünyasındakı aparıcı rolu, həmçinin hərbi sahədə çəkindirici gücü son dərəcə əhəmiyyətlidir. Azərbaycan və Türkiyə olmadan türk dünyasının, Mərkəzi Asiya inteqrasiyası mümkün deyil. Hazırda türk dünyasının özünəinamı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, Rusiya ilə bağlı psixoloji vəziyyət dəyişib. Belə ki, Orta Asiya dövlətləri artıq daha müstəqil hərəkət imkanı qazanıblar. Bu, əsasən, Rusiya–Çin kontekstində özünü qabarıq göstərir".
Ekspert qeyd edib ki, Mərkəzi Asiya+Azərbaycan formatı getdikcə güclənəcək və bu format gələcəkdə daha da genişlənəcək:
"Mərkəzi Asiya+Azərbaycan formatının hətta Cənubi Asiyanı da əhatə edə biləcək yeni bir formata yol açdığını görürük. Bu isə olduqca əhəmiyyətli bir inkişafdır. Regionda yeni strukturlaşma prosesi və daha proqnozlaşdırıla bilən siyasi mühit Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesi üçün böyük önəm daşıyır".