Türkiyəli deputat: “Azərbaycan tarixinə həkk olunmuş şanlı Zəfər Günü ilə qürur duyuruq”

Xarici siyasət
  • 08 noyabr, 2023
  • 14:51
Türkiyəli deputat: “Azərbaycan tarixinə həkk olunmuş şanlı Zəfər Günü ilə qürur duyuruq”

“Azərbaycan tarixinə həkk olunmuş şanlı Zəfər Günü ilə qürur duyuruq".

Bunu “Report”un Ankara bürosuna Türkiyə Böyük Millət Məclisinin (TBMM) İYİ Partiyadan olan millət vəkili, professor Kürşad Zorlu bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, işğaldan azad edildiyi gün Türkiyə üçün də çox dəyərlidir:

“Prezident İlham Əliyevin Azərbaycanın şanlı Zəfər Gününü noyabrın 8-də elan etməsinə görə xüsusi təşəkkür edirik. Qarabağın atəşkəs bəyanatı 10 noyabr 2020-ci ildə rəsmən elan edilib. Biz o zaman Azərbaycan hökumətinə məktubla müraciət etdik. Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün vəfatı ilə əlaqədar 10 noyabr tarixinin ölkəmizdə matəm günü olduğunu bildirdik. Azərbaycan rəhbərliyinin Türkiyənin matəm gününü nəzərə alaraq, tarixdə dəyişiklik etməsini xalqımız heç vaxt unutmayacaq. Bu sayğı həm də iki qardaş dövlətin əlaqələrinin daha da sarsılmaz və sıx birləşməsinə vəsilə oldu. Ona görə də başda İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyinə və xalqına sonsuz təşəkkür edirik”.

Zorlu vurğulayıb ki, sədr “Meral Akşenerin rəhbərliyi altında İYİ Partiya hər zaman Azərbaycanın yanında olmuş və bundan sonra da olacaq”.