"Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru" adlı layihənin icrası başa çatıb
- 17 sentyabr, 2025
- 12:17

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin (CASCFEN) Azərbaycanın Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı "Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru" adlı layihənin icrası başa çatıb.
"Report" xəbər verir ki, sentyabrın 17-də layihə çərçivəsində yekun tədbir keçirilib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim belə bir layihənin Türk dünyası üçün önəmindən bəhs edib:
"Gəncliyə Yardım Fondu hər zaman bu cür işlərdə ön sırada olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi səyi ilə Türk dünyası ötən hər gün daha da güclənir".
CASCFEN-in sədri Nadir Azəri isə bildirib ki, beşaylıq layihə çərçivəsində Türk dünyasının ortaq mirasının bu gündən gələcəyə daşınması üçün uşaq, yeniyetmə və gənclərə tövsiyə xarakteri daşıyan məqalələr yazılıb, verilişlər hazırlanıb, tələbələr arasında yazı müsabiqəsi keçirilib:
"Ən əsası isə layihə çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində "Bizim ailəmiz türk dünyasıdır" mövzusunda konfrans, Türkiyənin Manisa şəhərində isə eyni mövzuda dəyirmi masa keçirilib".
Tədbirdə Türkiyə universitetlərində təhsil alan Türk dünyası tələbələri arasında "Bizim ailəmiz Türk dünyasıdır" adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Sonda CASCFEN-lə İzmir Azərbaycan Dərnəyi arasında əməkdaşlıq protokolu imzalanıb.