Türk dövlətlərinin Almaniyadakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
- 24 oktyabr, 2025
- 20:04
Azərbaycanın Almaniyadakı səfirliyinin dəvəti ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Almaniyadakı səfirlərinin toplantısı keçirilib.
"Report" xəbər verir ki, toplantı Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə müəyyən edilmiş hədəflərin həyata keçirilməsi istiqamətində səfirliklər arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Görüşdə həmçinin ortaq türk tarixi və mədəni irsinin Almaniyada təbliği istiqamətində nəzərdə tutulan tədbirlər, mədəniyyət və incəsənət sahələrində birgə fəaliyyət və layihələr, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Türk dünyasının hazırda inkişaf və birlik baxımından yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, türk dövlətləri arasında müxtəlif sahələrdə yaranan səmərəli əməkdaşlıq və qarşılıqlı dəstək münasibətlərin daha da möhkəmlənməsinə və qardaş xalqlar arasında birliyin güclənməsinə səbəb olur.
Ortaq türk irsinin, tarixinin və mədəni dəyərlərinin beynəlxalq miqyasda, xüsusən də Almaniyada geniş tanıdılmasının əhəmiyyəti vurğulanaraq, bu məqsədlə birgə addımların atılmasının önəmi vurğulanıb.
Sonda səfirlər ötən həftə Berlində açılan "MAMA - Ana Təbiət" sərgisi ilə tanış olublar. Məlumat verilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti passiv bir fon kimi deyil, əksinə, canlı, qidalandırıcı, davamlı və bərpaedici əsas qəhrəman kimi təqdim edir. MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Azərbaycan da daxil olmaqla, 31 ölkədən 50-dən çox sənətkarı bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır.