Tokayev: TDT çərçivəsində məhkəmə əməkdaşlığı durmadan möhkəmlənir

Xarici siyasət
  • 18 iyun, 2026
  • 15:11
Tokayev: TDT çərçivəsində məhkəmə əməkdaşlığı durmadan möhkəmlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin məhkəmə və hüquq-mühafizə sahələrində əməkdaşlığı durmadan möhkəmlənir.

"Report" Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-yə üzv ölkələrin ali məhkəmələrinin sədrlərini - Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimovu, Qırğızıstan Ali Məhkəməsinin sədri Mederbek Satıyevi, Türkiyə Kassasiya Məhkəməsinin sədri Ömər Kərkəzi, Türkiyə Dövlət Şurasının sədri Zəki Yiğiti və Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini Əlişir Usmanovu qəbul edərkən bildirib.

Qonaqları salamlayan dövlət başçısı TDT-nin türk ölkələri arasında əməkdaşlığın inkişafındakı xüsusi rolunu qeyd edib:

"Vurğulamaq lazımdır ki, bu təşkilata üzv dövlətlərin məhkəmə və hüquq-mühafizə sahələrində qarşılıqlı fəaliyyəti durmadan möhkəmlənir. Sabah Türküstanda keçiriləcək nüfuzlu forum bunun əyani təsdiqi olacaq. Məhkəmə sistemi istənilən sivil ölkənin tərəqqisi və rifahı üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də ali məhkəmələr arasında qarşılıqlı əlaqələrin dərinləşməsi qardaş xalqlarımızın ümumi maraqlarına tam cavab verir".

O vurğulayıb ki, bu gün bir çox ölkələr zamanın çağırışlarına cavab verməyə və qlobal texnoloji dəyişikliklərin sürətindən geri qalmamağa çalışaraq dinamik inkişaf yoluna qədəm qoyublar.

"Biz səylərimizi birləşdirməli və bu istiqamətdə birgə hərəkət etməliyik. Sabah Türkistanda keçiriləcək konfransda məhkəmə sahəsinin rəqəmsallaşdırılması, investorların hüquqlarının qorunması məsələləri və digər vacib mövzular hərtərəfli müzakirə olunacaq. Demək olar ki, belə bir gündəlik olduqca yerində və aktualdır. Bu problematika üzrə fikir mübadiləsi, şübhəsiz ki, təşkilatımızın inkişafına və onun nüfuzunun möhkəmlənməsinə böyük təkan verəcək. Məlum olduğu kimi, Qazaxıstan TDT çərçivəsində bütün xoş təşəbbüsləri dəstəkləyir və gələcəkdə də bunu davam etdirəcək", - dövlət başçısı bildirib.

44 filmi