Tokayev: Qazaxıstan "TDT+" formatının yaradılmasını dəstəkləyir

Xarici siyasət
  • 07 oktyabr, 2025
  • 14:48
Tokayev: Qazaxıstan TDT+ formatının yaradılmasını dəstəkləyir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci sammitində bir sıra təklif və təşəbbüslərlə çıxış edib.

"Report" xəbər verir ki, Prezident bildirib ki, Qazaxıstan "TDT+" formatının yaradılması ideyasını dəstəkləyir.

"Bir çox ölkələr təşkilatımızın fəaliyyətinə maraq göstərir. Qazaxıstan əsas vəzifəsi əməkdaşlığımızın daha da genişləndirilməsi olacaq "TDT+" formatının yaradılması ideyasını dəstəkləyir. Bu təşəbbüs, şübhəsiz, təşkilatın beynəlxalq nüfuzunu daha da artırmağa xidmət edir", – o vurğulayıb.

K.Tokayevin sözlərinə görə, dünyanın bir çox ölkəsi kiberhücumlarla - sərhəd tanımayan yeni təhdidlə üzləşib:

"Təşkilat çərçivəsində dövlətlərimizin fəaliyyətinin əlaqələndirilməsini və səylərinin səfərbər edilməsini təmin edəcək Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm. Eyni zamanda, Şura rəqəmsal təhlükəsizliyin inkişafına və bu sahədə əlaqələrin gücləndirilməsinə töhfə verəcək".

Qazaxıstan Prezidenti həmçinin "Türk dünyasının perspektivləri - 2040" proqramının tam həyata keçirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı hesab edir ki, TDT ölkələri üçün əsas vəzifələrdən biri də nəqliyyat-logistika sahəsində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çıxarılmasıdır.

"Bu gün nəqliyyat-tranzit sahəsinin rəqəmsallaşdırılması istiqamətində fəal iş aparılır. Burada süni intellekt texnologiyasının tətbiqi, şübhəsiz ki, faydalı olacaq. Buna görə də biz aparıcı ekspertlər cəlb etməklə TDT çərçivəsində xüsusi Rəqəmsal Monitorinq Mərkəzinin yaradılması məsələsini müzakirə etməyi təklif edirik", - prezident bəyan edib.

Bundan başqa, K.Tokayev TDT Rəqəmsal İnnovasiyalar Mərkəzinin təsis edilməsi, eləcə də "Enerji səmərəliliyi üzrə Qabaqcıl Təcrübə Şurası"nın yaradılması təklifi ilə çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti