Tofiq Musayev: Azərbaycan münaqişə zamanı törədilmiş çoxsaylı vəhşilikləri beynəlxalq hüquqa uyğun olaraq araşdırıb
- 09 oktyabr, 2025
- 00:47

"1990-cı illərin əvvəlindən münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 4 000 azərbaycanlının taleyi hələ də naməlumdur".
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, Səfir Tofiq Musayev BMT Baş Assambleyasının Üçüncü Komitəsinin ümumi müzakirələrində çıxışı zamanı bildirib.
Diplomat çıxışında Azərbaycanın insan hüquqlarının təşviqi və qorunması sahəsində milli tədbirləri və BMT-nin İnsan Hüquqları mexanizmləri ilə əməkdaşlığı vurğulayıb. O, üzv ölkələrin nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə hökumətin münaqişədən sonrakı bərpa və yenidənqurma səyləri barədə məlumatlandırıb:
"Son beş il ərzində Azərbaycan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirib, bütün şəhər, qəsəbə və kəndləri yenidən quraraq yüz minlərlə məcburi köçkünün öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu təmin edib. Artıq 50 000-dən çox şəxs evlərinə qayıdıb".
Ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramlarından da danışan səfir bildirib: "‘Sosial-iqtisadi inkişaf sahəsində Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafın Milli Prioritetləri" adlı siyasət proqramına rəqabət qabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyət, rəqabətqabiliyyətli insan kapitalı, Böyük Qayıdış Proqramı, təmiz mühit və "yaşıl inkişaf" ölkəsi daxildir".
Diplomat bildirib ki, Azərbaycandakı mina təhlükəsinin miqyası və böyüklüyü milli humanitar mina təmizləmə qabiliyyəti və səyləri üçün artırılmış məsuliyyət, güclü həmrəylik və beynəlxalq dəstəyin təmin edilməsini tələb edir:
"Post-münaqişə mina qurbanlarının sayı 409-a çatıb, onlardan 71 nəfər ölüb, 338 nəfər ağır xəsarət alıb, əksəriyyəti mülki şəxslərdir".
İtkin düşmüş şəxslər və kütləvi məzarlarla bağlı vəziyyətə toxunaraq səfir qeyd edib: "1990-cı illərin əvvəlindən münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 3 990 azərbaycanlının taleyi hələ də naməlumdur. İşğalın və münaqişənin bitməsindən sonra azad edilmiş ərazilərdə 28 kütləvi məzar və digər dəfn yerlərində 187 nəfərin qalıqları tapılıb. Bu məzarlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan şəxslərin qəsdən öldürülməsini üzə çıxarır".
T. Musayev həmçinin bildirib ki, Azərbaycan münaqişə zamanı törədilmiş çoxsaylı vəhşilikləri milli qanunvericiliyə və beynəlxalq hüquq öhdəliklərinə tam uyğun olaraq araşdırıb və cinayətkarları məsuliyyətə cəlb etmək üçün qəti addımlar atır:
"Ciddi cinayətlərdə ittiham olunan şəxslərə hüquqi yardım göstərilir, ailələri ilə müntəzəm əlaqədə olurlar və həmçinin Ombudsman tərəfindən ziyarət edilirlər. Müvafiq beynəlxalq mexanizmlər onların azadlıqdan qanunsuz məhrum edilməsi iddialarını açıq şəkildə rədd edib".