TİKA sədri: Zəngəzur dəhlizinin önəmi səbəbilə Naxçıvanda Proqram Koordinasiya ofisi açacağıq – MÜSAHİBƏ

Xarici siyasət
  • 31 oktyabr, 2025
  • 15:17
TİKA sədri: Zəngəzur dəhlizinin önəmi səbəbilə Naxçıvanda Proqram Koordinasiya ofisi açacağıq – MÜSAHİBƏ

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycana ilk rəsmi səfəri çərçivəsində "Report"a verdiyi müsahibədə qurumun Bakıdakı Proqram Koordinasiya ofisinin ölkədə keçirdiyi layihələrdən, həmin layihələrin maliyyə dəyərindən, işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən, yeni açılacaq koordinasiya ofislərindən danışıb.

-İlk olaraq TİKA-nın bu günə qədər Azərbaycanda həyata keçirdiyi layihələri bizim üçün dəyərləndirməyinizi istəyərdik. Həmçinin maraqlıdır ki, TİKA Azərbaycanda növbəti mərhələdə hansı sahələrdə yeni layihələrin icrası planlaşdırılır?

- TİKA-nın Bakı ofisi Qırğızıstan və Türkmənistandan sonra açılan üçüncü nümayəndəliyimiz olub və 1994-cü ildən bəri burada fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Tarixə baxdıqda biz ilk illərdə TİKA-nın Azərbaycanda daha çox infrastruktur layihələri ilə önə çıxdığını görürük. Təhsil sahəsində, həmçinin kənd təsərrüfatı və heyvandarlıqda TİKA tərəfindən həyata keçirilən çoxsaylı layihələr olub. Bunlarla yanaşı, təcrübə mübadiləsi və təlim proqramları istiqamətində TİKA geniş fəaliyyət göstərib.

İndiyə qədər Azərbaycanda 1500-dən çox layihə həyata keçirilib. Təkcə 2024-cü ildə 83 layihə icra olunub, 2025-ci ilin sonuna qədər isə layihələrin sayı 100-dən çox olacaq. Biz xüsusilə gəlir gətirən layihələrə, yəni kooperativlərə yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Məsələn, 2008-ci ildən bəri Azərbaycanda davam edən arıçılıq layihəmiz var. Qubadlı rayonunda istixana təsərrüfatı adlandırdığımız bitkiçilik, kənd təsərrüfatı və heyvandarlıq sahələrində layihələrimiz mövcuddur və biz bunlara xüsusi əhəmiyyət veririk.

Eyni zamanda, inzibati infrastrukturun inkişafı istiqamətində işlər görürük. İnzibati infrastrukturun inkişafı dedikdə bəzi bələdiyyə və icra hakimiyyətlərində, eləcə də müxtəlif qurumlarda texniki salonların yaradılması, mədəniyyət mərkəzlərinin yenilənməsi kimi layihələr nəzərdə tutulur. TİKA indiyə qədər bu istiqamətdə bir çox layihələri reallaşdırıb və qarşıdakı dövrdə bu fəaliyyətləri daha da genişləndirməyi planlaşdırır. Biz hətta Azərbaycanda müxtəlif dövlət qurumlarında çalışan məmurların məlumatlılığının və bacarıqlarının artırılması məqsədilə onların Türkiyədə təlimlərdə iştirakını da təmin edirik.

- Bu təlim proqramlarında indiyədək neçə nəfər Azərbaycan vətəndaşı iştirak edib?

– Bu günə qədər min nəfərdən çox iştirakçı olub. Qeyd etmək lazımdır ki, Azərbaycan son illərdə həm siyasi, həm də iqtisadi sahədə çox ciddi şəkildə inkişaf edib. Beynəlxalq siyasət müstəvisində də böyük irəliləyişlər əldə olunub. Nəticə etibarilə Azərbaycan artıq bir çox sahələrdə tərəqqiyə nail olmuş bir ölkədir və bu inkişaf prosesi davam edir. Ona görə də TİKA-nın layihələri bu gün sadəcə inkişaf yardımlarından ibarət deyil, həm də inkişaf əməkdaşlığı istiqamətində genişlənib.

- Səhiyyə və Turizm sahəsində də əməkdaşlığımız mövcuddurmu və hansı səviyyədədir?

- Əlbəttə, TİKA-nın fəaliyyəti təkcə bir sahə ilə məhdudlaşmır. Səhiyyə, xüsusilə tibbi sahədə, eləcə də turizm və təhsil sahələrində çox ciddi layihələri var və bunlar sadəcə Bakıda deyil, Gəncə, Sumqayıt və Azərbaycanın digər şəhərlərində, həmçinin azad edilmiş Qarabağ bölgəsində də TİKA-nın mühüm layihələri həyata keçirilib.

Azərbaycanda universitet və liseylərin laboratoriyalarının, həmçinin xəstəxanaların müəyyən avadanlıqlarla təchizatı TİKA tərəfindən təmin olunub. Bunlar içərisində dializ mərkəzləri, təcili tibbi yardım maşınları da var. Məsələn, oktyabrın 29-da Bakıda 2 nömrəli Bakı Tibb Kollecində əczaçılıq laboratoriyasının açılışını etdik.

Bir məsələni vurğulamaq istəyirəm ki, layihələrimizin yalnız Bakıda deyil, Bakıdan kənarda da reallaşması bizim əsas prioritetlərimizdəndir. Bu istiqamətdə fəaliyyəti artıracağıq. TİKA olaraq biz Ucardakı xəstəxanaya da bir dializ mərkəzi hədiyyə etdik və onun açılışı baş tutdu.

- İşğaldan azad edilmiş ərazilərdən söhbət açmışkən bilmək istədik ki, TİKA-nın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda koordinasiya ofisi açmaq kimi bir planı varmı?

– Azad olunmuş ərazilərlə bağlı həmin bölgələrdə layihələrimiz mövcuddur. Lakin hazırda biz bu layihələri Bakıda yerləşən ofis vasitəsilə koordinasiya edirik. Qarşıdakı dövrdə əgər Şuşada və ya Füzulidə bir koordinasiya ofisi açılmasına ehtiyac yaranarsa, bu məsələ ayrıca qiymətləndiriləcək. Hazırda isə belə bir planımız yoxdur, amma 2026-cı ilin əvvəlində Naxçıvanda bir koordinasiya ofisi açmağı düşünürük. Xüsusilə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra bu məsələnin əhəmiyyəti daha da artacaq. Naxçıvana böyük önəm veririk.

-Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərdəki Azərbaycanın tarixi abidələri işğal dövründə separatçılar tərəfindən darmadağın edilib. Azərbaycanın həmin bölgələrdəki tarixi və mədəni mirasının bərpası yönündə TİKA ilə bir əməkdaşlıq mövcuddurmu?

- Biz ilk gündən etibarən Azərbaycan Mədəniyyət Nazirliyi ilə sıx əlaqə içindəyik. Ancaq onu da görürük ki, hazırda Azərbaycan Mədəniyyət Nazirliyi həmin torpaqlarda yerləşən məscidlər, mədrəsələr, qəbiristanlıqlar və digər abidələrlə bağlı bütün lazımi işləri həyata keçirir. Bununla belə biz həmin ərazilərdə əvvəldə də qeyd etdiyim kimi, layihələr icra edirik.

Müharibə dövründə biz Ağdam və Zəngilanda iki səyyar hərbi hospital (mobil səhra hospitalı) qurmuşduq. Bundan əlavə, istixana layihələri də həyata keçirmişik və bu layihələri gələcəkdə də davam etdirəcəyik.

Tarixi abidələrlə bağlı layihələr digər ərazilərdə də həyata keçirilir. Bu gün (oktyabrın 29-u) biz Mərdəkan qəsəbəsində olduq, orada Şirvanşahlar dövründən qalan böyük Mərdəkan qalası var. TİKA həmin qalada bərpa işləri ilə bağlı bir layihə həyata keçirəcək. Ümumilikdə TİKA-nın indiyədək Azərbaycanda həyata keçirdiyi layihələrin maliyyə dəyəri təxminən 50 milyon dollar olub.

Son xəbərlər

Bütün Xəbər Lenti