"The Jerusalem Post": Qarabağ müharibəsində Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı
- 04 noyabr, 2025
- 19:25
İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri ölkənin həm regionda, həm də qlobal miqyasda mövqeyini möhkəmləndirdi.
"Report" xəbər verir ki, bu fikirlər İsrailin "The Jerusalem Post" qəzetində Azərbaycanın tarixi qələbəsi – Zəfər Gününün 5-ci ildönümü münasibətilə bağlı dərc olunan məqalədə yer alıb.
Nəşr qeyd edir ki, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi beynəlxalq hüququn bərpasına, regionda sülhün və sabitliyin bərqərar olmasına töhfə verib.
"Bu (qələbə – red.) Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Bir çox yolların və dövlətlərin kəsişməsində yerləşən ölkə qlobal səhnədə qərar qəbuletmənin vacib mərkəzinə çevrildi. Türkiyə, İsrail, Suriya və bir çox digər dövlətlər mübahisələrin və münaqişələrin həllində kömək üçün Bakıya müraciət etdilər", - məqalədə bildirilir.
Qəzet yazır ki, məhz bu qələbə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına, nəhayət, Cənubi Qafqazda sülhə yol açdı.
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan əl sıxdılar. Bu, davamlı sülhə doğru ilk addım idi. İnsanlar keçmişi unutmadan tarixin səhifəsini çevirir, ədalətə, sülhə və əməkdaşlığa doğru irəliləyirlər. Azərbaycan sülhün, sabitliyin və iqtisadi rifahın tərəfdarıdır. Və bunu öz hərəkətləri ilə sübut edir. Azərbaycanın sərhədləri artıq Ermənistana ixrac üçün açıqdır. Beş il əvvəlki qələbə olmasaydı, qarşılıqlı hörmətə və ərazi bütövlüyünün tanınmasına əsaslanan bu sülh mümkün olmazdı. Beləliklə, Azərbaycan qələbəni sülhə çevirir", - məqalədə qeyd olunur.
Bununla yanaşı, nəşr vurğulayır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi hər kəsə bunu xatırladır: "Gücün əsl müdrikliyi qələbədə deyil, cəsarət, qarşılıqlı hörmət və mərhəmətdədir".