Tea Axvlediani: Gürcüstan Azərbaycanla humanitar sahədə də əməkdaşlıqda maraqlıdır
- 07 oktyabr, 2026
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Azərbaycanla humanitar sahədə də əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri, Gürcüstan Respublikasında itkin düşmüş şəxslərin qalıqlarının axtarışı və təhvil verilməsi üzrə İdarələrarası Komissiyanın rəhbəri Tea Axvlediani "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.
Onun sözlərinə görə, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi ən böyük humanitar problemlərdən biridir:
"İtkin düşmüş şəxslərin taleyi və ailələrə cavab verilməsi ən böyük məsuliyyətdir. Bunun üçün aidiyyəti qurumlar, təşkilatlar arasında əlaqə mövcud təcrübəni artıra bilər".
O Gürcüstanın bu məsələdəki təcrübəsini paylaşaraq əlavə edib ki, münaqişələr nəticəsində 334 itkin düşmüş şəxsin qalıqları tapılıb, bu isə güclü əməkdaşlıq nəticəsində mümkün olub:
"İtkin düşmüş şəxslər etnik mənsubiyyətindən asılı olmayaraq axtarılmalı və tapılmalıdır. Müvafiq qurumların səlahiyyətləri genişləndirilməlidir".
Gürcüstan rəsmisi, həmçinin qeyd edib ki, ölkəsi Bakıda keçirilən bu tədbirə xüsusi önəm verir:
"Gürcüstan və Azərbaycan arasında tarixən böyük qonşuluq münasibətləri var. Biz bu əməkdaşlıqdan zövq alırıq. İki ölkə arasında əməkdaşlığın humanitar sahədə də inkişaf etdirilməsində maraqlıyıq. Biz xalqlarımız arasında əməkdaşlığı davam etdirməyə sadiqik".