Tarık Sulo Cevizci: Türkiyə və Azərbaycan Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Xarici siyasət
  • 18 mart, 2025
  • 13:30
Tarık Sulo Cevizci: Türkiyə və Azərbaycan Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir
Tarık Sulo Cevizci

Türkiyə və Azərbaycan Suriya, İraq, eləcə də Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir.

"Report" xəbər verir ki, bunu Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu çərçivəsində "Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər" panel müzakirəsində deyib.

Paneldə gələcək illərdə türkmanların birliyi və inkişaf yolunda göstərə biləcəyi təşəbbüslər müzakirə olunub.

T.Cevizci Suriyadakı türkmanların və Azərbaycan xalqının ortaq soydan gələrək eyni mədəniyyət və mirasa sahib olduqlarını deyib:

"Suriya türkmanları Azərbaycanın azadlıq mübarizəsini hər zaman dəstəkləyib. Qarabağ müharibəsində də belə mənəvi dəstəyə şahid olduq. Media sahəsində də ortaq layihələr yaratmaq, iqtisadi sahədə birləşmək bir daha güclü şəkildə birləşməyimizə təkan verəcək".

Türkman Akademiklər Təşkilatının Sədri Nebil Şahin Kifrili məktəblər və mədəniyyət mərkəzlərinin iki ölkə arasında əlaqələri gücləndirəcəyini deyib:

"İşğaldan azad olunan ərazilərə səfər zamanı Qarabağ Universitetini gördüm. İraqda kərküklü tələbələr üçün Qarabağ Universitetinin filialının açılmasını istəyərdik. Bununla yanaşı, Füzuli adına təhsil müəssisəsinin də İraqda fəaliyyət göstərməsi bizi şad edər".

Əbədi Turan Kitab Fondunun sədri Esmira Fuad qeyd edib ki, Azərbaycan və İraq bir ailənin üzvləridir:

"Bu iki ölkəni təkcə eyni tarixi yol birləşdirmir. Onların gələcək üçün səyləri, iradəli addımları da oxşardır. Türkmanlar güclüdür. Bu güc onları birləşdirir. Birlik olmağa vadar edir".

İraq Türkmanlar İnsan Haqları Dərnəyinin Almaniya üzrə təmsilçisi Qənim Osman isə hazırda gələcək üçün dörd əsas məsələnin aktual olduğunu vurğulayıb:

"Mədəni kimlik və dil mübarizəsi bizim əsas problemlərimizdəndir. Belə ki, İraq türkmanları üçün ana dilində təhsilhaqqı hələ də tam təmin edilməyib. Bununla yanaşı, rəqəmsallaşma, qlobollaşma, sosial mediada, mədəniyyət sahəsində türkman kimliyinin qorunması da hazırkı çatışmazlıqlardandır".

O bildirib ki, Türkiyə - Azərbaycan qardaşlığı türkmanların iqtisadi gücünü, onların sosial rifahını artıra bilər.

44 - Tezliklə