Taras Kuzio: Aİ Bakı və İrəvana münasibətdə balanslı siyasət aparmalıdır

Xarici siyasət
  • 01 oktyabr, 2025
  • 13:48
Taras Kuzio: Aİ Bakı və İrəvana münasibətdə balanslı siyasət aparmalıdır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistana qarşı münasibətdə daha balanslı siyasət aparmalıdır.

"Report"un məlumatına görə, bu barədə "Kiyev-Mogilyan Akademiyası" Milli Universitetinin politologiya kafedrasının professoru Taras Kuzio "Reinvantage" nəşri üçün yazdığı məqalədə bildirib.

"Azərbaycan və Ermənistan Aİ-nin diqqətinə və investisiyalarına layiqdir. Bu gün Aİ onlar arasında münasibətlərin normallaşmasını inkişaf etdirməlidir ki, bu da qonşu Gürcüstan və İrana müsbət təsir göstərəcək. Ermənistan üçün bu onun Avropa istiqamətindəki səylərini dəstəkləyəcək, Azərbaycan üçün isə ölkənin türk dünyasında və Qoşulmama Hərəkatı ölkələri arasında lider mövqeyini gücləndirəcək", - ekspert qeyd edib.

Onun sözlərinə görə, Bakı və İrəvan arasında münasibətlərin normallaşması Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar açır. Eyni zamanda, o hesab edir ki, təşkilat etibarlı alternativ enerji təchizatına və Cənubi Qafqazda Azərbaycan kimi beynəlxalq tərəfdaşlarla uzunmüddətli qarşılıqlı əlaqəyə ehtiyac duyur.

Ekspert qeyd edib ki, Aİ Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq səylərini dəstəkləyir.

T.Kuzionun fikrincə, Azərbaycan və Ermənistan TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsindən faydalanacaq: "Azərbaycan üçün üstünlüklər aydındır: Naxçıvanla əlaqə artıq bahalı hava səfərləri ilə məhdudlaşmayacaq, ölkə nəqliyyat qovşağı statusunu gücləndirəcək. Bundan əlavə, TRIPP Azərbaycanın cənub-qərb bölgələrinin, Ermənistanın cənubunun və Türkiyənin cənubunun iqtisadi inkişafına töhfə verəcək".

O hesab edir ki, TRIPP bütün region üçün dəmiryol, kommunikasiya, neft və qaz boru kəmərləri şəbəkələrini, həmçinin rəqəmsal infrastrukturu genişləndirəcək.

Politoloq hesab edir ki, Mərkəzi Asiya ölkələri də TRIPP-in işə salınmasından faydalanacaqlar: bu, türk dünyası ilə inteqrasiya, Rusiyadan yan keçməklə Avropa ilə ticarətin genişləndirilməsi, Çinlə münasibətlərdə daha çox çeviklik deməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti