Tailand səfiri: Asiya və Avropa arasında alternativ yollardan ən vacibi Zəngəzur dəhlizidir - MÜSAHİBƏ

Xarici siyasət
  • 30 sentyabr, 2025
  • 10:37
Tailand səfiri: Asiya və Avropa arasında alternativ yollardan ən vacibi Zəngəzur dəhlizidir - MÜSAHİBƏ
Apirat Suqondhabhirom

Tailand Krallığının iqamətgahı Ankarada olan Azərbaycan, Türkiyə, Türkmənistan, Gürcüstan, Şimali Makedoniya üzrə səfiri Apirat Suqondhabhiromun səlahiyyət müddəti sentyabrın 30-da başa çatır. Diplomatik fəaliyyəti müddətində Tailandda Azərbaycan Səfirliyinin açılması, viza məsələlərinin sadələşdirilməsi, Tailandla Azərbaycan arasında birbaşa uçuşların təşkili və digər məsələlərin müzakirəsində fəal olan A.Suqondhabhirom Bakıdan yeni səfərdən dönüb.

Qeyri-rezident səfir "Report"un Türkiyə bürosuna müsahibəsində Azərbaycan haqqında son təəssüratlarını bölüşüb.

- Cənab səfir, Bakıya son səfərinizin məqsədi nə idi?

- Tailandın ölkənizdəki səfiri kimi fəaliyyət müddətimi sentyabrın 30-da başa vuracağım üçün 11-12 sentyabrda azərbaycanlı dostlarımızla vidalaşmaqdan ötrü getdim. Azərbaycan xarici işlər nazirinin müavini cənab Elnur Məmmədov ilə görüşdüm. Biz Tailand-Azərbaycan əməkdaşlığı, o cümlədən AZAL-ın tezliklə Bakı ilə Banqkok və Pxuket arasında birbaşa reyslərin açılmasında maraqlı olduğu mümkün uçuş əlaqələri barədə danışdıq. Həmçinin, kənd təsərrüfatı, ərzaq istehsalı sahəsində əməkdaşlıq, Tailand və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi əməkdaşlıq və digər mövzular barədə söhbət etdik.

Eləcə də müdafiə sənayesi və Qarabağın minalardan təmizləməsi sahəsində əməkdaşlıq barədə müzakirələrimiz oldu. Söhbətimiz zamanı Azərbaycan və Ermənistan arasında son vəziyyət, Zəngəzur dəhlizi ilə bağlı bu iki ölkənin əməkdaşlığına dair inkişaflar haqqında məlumatlandırıldım.

Azərbaycan-Tailand parlamentlərarası dostluq qrupunun və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin (ATAA) sədri cənab Göydəniz Qəhrəmanovla da görüşdüm. Onunla parlamentlərimiz arasında əməkdaşlığı müzakirə etdik. 200 turizm agentliyinin olduğu ATAA ilə Tailandın turizm əməkdaşlığı və elektron viza sistemi haqqında da danışdıq.

Apirat Suqondhabhirom

- Cənab səfir, son dörd ildə iki ölkə arasında əlaqələrin inkişafında bir sıra irəliləyişlər əldə olunub. Bu uğurlarda səfir kimi sizin rolunuz nədən ibarətdir?

- Mən dörd ilə yaxındır ki, Tailandın Azərbaycandakı səfiriyəm. Dəfələrlə Bakıya getmişəm, Naxçıvanda da olmuşam. Şadam ki, səfir olduğum müddətdə Azərbaycanla Tailand arasında münasibətlərdə müsbət irəliləyişlər olub. Xüsusilə, ötən il Banqkokda Azərbaycan Səfirliyinin açılmasına qərar verildiyi üçün hökumətinizə təşəkkür edirik. Azərbaycanın Tailanddakı ilk səfiri Elçin Bəşirov çox fəaldır.

Banqkokdakı Azərbaycan Səfirliyinin rəsmi açılış mərasiminin bu ilin sonunda keçiriləcəyi gözlənilir. Bildiyimə görə, Azərbaycanın xarici işlər nazirinin müavini bu rəsmi mərasimdə Tailanda gedəcək. Həmin vaxt mən artıq Tailandda olacağam və ümid edirəm ki, səfir Bəşirov məni tədbirə dəvət edəcək.

- Tailand da Azərbaycanda səfirlik açmaq istəyirmi?

- Hazırda mənim heç bir məlumatım yoxdur. Belə bir ehtimalla bağlı müzakirələr aparılsa da, hələlik qərar verilməyib.

- Bakıda olarkən müdafiə sənayesi və mina sahələrində mümkün əməkdaşlıqla bağı danışıqlar apardığınızı da qeyd etdiniz...

- Bəli. Azərbaycan tərəfi Tailanddan minaların təmizlənməsində əməkdaşlıqla bağlı yardım istəyib, çünki bizim bu sahədə təcrübəmiz var. Artıq Azərbaycandan nümayəndə heyəti Banqkoka gedib və Tailand Minalardan Təmizləmə Mərkəzində (TMAC) olublar. Bu məsələ ilə əlaqədar Azərbaycanla Tailand arasında müzakirələr hələ də davam edir.

- Azərbaycan və Tailand parlamentləri arasında əlaqələrin inkişaf etdiyi də görünür. Yəqin ki, bu məsələdə səfir kimi sizin rolunuz var...

- Doğrudur, mənim də xidmətim olub. Ötən ilin aprel ayında Azərbaycan və Tailand arasında parlamentlərarası dostluq üzrə İşçi Qrupunun üzvləri üçün Tailanda səfər təşkil edilib. Biz onların Tailand parlamentinin rəhbəri ilə görüşlərini və parlamentlərarası əlaqələri möhkəmləndirmək uçün ölkəmizin ovaxtkı xarici işlər nazirinin müavini ilə görüşlərini təşkil etdik.

Parlament sədri Van Muhamad Nur Matha fəaliyyətim dövründə Asiya Parlament Assambleyasının (APA) iclası çərçivəsində Bakıya səfərə gəldi, görüşlər keçirdi. Bundan sonra Tailand Nümayəndələr Palatasının vitse-prezidenti də Bakıya səfər etdi. O, həmçinin parlamentinizin sədri Sahibə Qafarova və vitse-prezident Rafael Hüseynovla da görüşdü.

Apirat Suqondhabhirom

- Tailand və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti necədir?

- Biz ikitərəfli iqtisadi əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Prezident İlham Əliyev mənə dedi ki, Azərbaycan kənd təsərrüfatı və ərzaq istehsalı sahəsində Tailandın təcrübəsini öyrənməkdə maraqlıdır. Mən isə dövlət başçısına azərbaycanlı dostlarımıza necə kömək edə biləcəyimiz barədə hesabat vermişəm. Prezidentiniz Azərbaycan iqtisadiyyatını neft və təbii qazdan digər sektorlara, o cümlədən ərzaq istehsalı və kənd təsərrüfatı üzrə şaxələndirmək istəyir. Azərbaycan bu sahələrdə Tailanda güclü tərəf kimi baxır.

- Bəs Tailand Azərbaycandan hansı təcrübələri öyrənmək istəyir?

- Tailand Xarici İşlər Nazirliyi Azərbaycanda müxtəlif xalqların birgə harmonik yaşayışı haqqında məlumat almağa maraqlıdır. Keçən ilin sentyabrında nazirliyin Siyasət və Planlaşdırma Departamentindən nümayəndə heyəti Bakıya səfər etdi. Xüsusilə, cəmiyyətinizdə mövcud olan müxtəlifliyə, multikultural harmoniyaya hörmət, ölkənizdə müsəlmanlar, yəhudilər, xristianların bir arada yaşaması təcrübəsi öyrənmək istənilir. Azərbaycandakı Atəşgah məbədi bizi cəzb edir. Yeri gəlmişkən, əvvəllər Atəşgahda olmamışdım, nəhayət, bu dəfə oranı ziyarətə getdim.

- Zəngəzur dəhlizi ilə bağlı da müzakirələr apardığınızı dediniz. Sizcə, bu dəhlizin açılması Tailandın da yerləşdiyi Asiya qitəsinə hansı faydalar verə bilər?

- Hesab edirəm ki, hazırda bu şəbəkə çox vacib məsələdir. Fikrimcə, Azərbaycanın təşəbbüsü, ABŞ Prezidenti Donald Trampın da dəstəyi ilə Zəngəzur dəhlizi fəaliyyətə başladığı zaman Asiya-Avropa arasındakı əlaqənin mühüm hissəsi olacaq. İki qitə arasında quru əlaqəsi ilə bağlı alternativ yollardan ən vacibi, məncə, Zəngəzur dəhlizidir.

- Tailandda viza prosesinin sadələşdirilməsi və birbaşa uçuşların açılması da gündəmdə idi. Bu məsələlər həll olundumu?

- İki ölkə arasında birbaşa aviareysin açılmasına böyük maraq var - Bakı-Banqkok-Pxuket. Ümid edirəm ki, bu reys gələn il AZAL tərəfindən açılacaq. Tailandda güclü nöqtələrdən biri tibbi turizmdir. Biz turizm sahəsində əməkdaşlıq haqqında da danışdıq və bir-birimizin viza sistemi haqqında məlumat verdik. Tailandlı turistlərin Azərbaycana, azərbaycanlı turistlərin isə Tailanda getməsini asanlaşdırdıq. Turizm sektorlarımız arasında əməkdaşlıq kifayət qədər böyük biznes ola bilər və tərəflərimiz artıq müzakirələr aparır.

Səfir olduğum müddətdə Tailand hökuməti yeni elektron viza sistemimizdə azərbaycanlı dostların ölkəmizə getmələri üçün viza müraciətini asanlaşdırıb. Əvvəllər Ankaradakı Tailand Səfirliyinə birbaşa viza üçün müraciət etməli idiniz və bu, asan deyildi. Biz təxminən 9-10 ay əvvəl elektron viza sistemimizi işə saldıq. Artıq Bakıda olduğunuz halda internet vasitəsilə elektron viza üçün müraciət edə bilərsiniz. Bu proses asanlaşdıqdan sonra Tailanda getmək istəyən azərbaycanlı turistlərin çoxaldığını gördüm.

Apirat Suqondhabhirom

- Azərbaycanın Asiya ölkələri ilə bağlı siyasətində Tailand necə rol oynaya bilər?

- Tailandın da üzvü olduğu Qoşulmama Hərəkatının Zirvə toplantısına (2023-cü il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib-red.) ev sahibliyi etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Tailand Xarici İşlər Nazirliyinin komandası Bakıda keçirilən bu Sammitə gəlmişdi. Keçən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğuru da təqdir olunmalıdır. Tailandın ətraf mühit naziri ölkənin nümayəndə heyətinin rəhbəri kimi COP29-da iştirak etdi.

Ölkələrimiz həm də Azərbaycanın hazırkı sədri olduğu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) birgə üzvüdür. Biz Azərbaycanla CICA çərçivəsində əməkdaşlığı səbirsizliklə gözləyirik.

- Bəs Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) Azərbaycanın təmsil olunması Asiyada necə rol oynaya bilər?

- Azərbaycan ŞƏT-ə daxil olmaq istəyir və bu işdə ona uğurlar arzulayıram. ŞƏT əhəmiyyətli bir təşkilatdır. Amma Tailand da hələ bu təşkilata üzv olmayıb.

Azərbaycan Asiyada daha fəal rol oynasaydı, çox yaxşı olardı.

- Səfir olduğunuz müddətdə mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığa dair hər hansı bir irəliləyiş olubmu?

- Mən Azərbaycan tərəfdən idman və mədəniyyət kimi sahələrdə əməkdaşlığa kifayət qədər maraq gördüm. Ölkələrimiz arasında mədəni əlaqələr sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması ehtimalı ola bilər. Biz bunu nəzərdən keçiririk. Ədəbiyyat, idman sahəsində də əməkdaşlıq ola bilər.

Azərbaycan parlamentinin vitse-prezidenti Rafael Hüseynov görkəmli şairlərimizdən olan Sunthorn Phunun şeirlərini artıq Azərbaycan dilinə tərcümə edib. O mənə Azərbaycan şairi Nizaminin şeirlərini də təqdim etdi. Onları taycaya tərcümə etdirmək üçün tədbir görməyi düşünürəm.

Səfir kimi fəaliyyət göstərdiyim müddətdə Tailand və Azərbaycan arasında mümkün akademik və təhsil əməkdaşlığı haqqında da müzakirələr aparılıb. Ümid edirəm ki, gələcəkdə bu sahədə daha çox işlər görülə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti