Tahir Budaqov: Azərbaycan və Çin dövlət idarəçiliyi sahəsində əlaqələri inkişaf etdirməyi planlaşdırır

Xarici siyasət
  • 08 sentyabr, 2026
  • 13:44
Tahir Budaqov: Azərbaycan və Çin dövlət idarəçiliyi sahəsində əlaqələri inkişaf etdirməyi planlaşdırır

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Çin mərkəzi"nin açılması Bakı və Pekin arasında təhsil və dövlət idarəçiliyi sahəsində əməkdaşlığın gələcək inkişafının təməlini qoyacaq.

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Çin mərkəzi"nin açılışında deyib.

Onun sözlərinə görə, bu ilin may ayında Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri zamanı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb:

"Düşünürəm ki, ölkələrimiz arasında təhsil, xüsusilə də dövlət idarəçiliyi sahəsində əməkdaşlığın gələcək inkişafının çox uğurlu təməli qoyulub".

T.Budaqov vurğulayıb ki, bu gün Azərbaycan və Çin hər iki xalqın maraqlarına cavab verən münasibətlərin inkişafı üçün möhkəm təmələ malikdir:

"Bu baxımdan təhsil sahəsi çox mühüm əhəmiyyət kəsb edir - xüsusən də ölkəmizin idarəetmə sistemi üçün kadrların hazırlandığı bu universitetdə".

O, həmçinin Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq sazişinin müddəalarının həyata keçirilməsi üzrə illik iş planlarının hazırlanması barədə razılığın əldə olunduğunu bildirib:

"Biz bu ildən başlayaraq əlaqələrimizi, o cümlədən idarəetmə sistemində və kadr hazırlığı sahəsində təcrübə mübadiləsini inkişaf etdirəcəyimiz illik iş planlarının hazırlanması ilə bağlı razılığa gəldik".