Tacikistanın mədəniyyət naziri: Mədəniyyət münaqişələrin qarşısını ala bilən qüvvədir
- 13 noyabr, 2025
- 11:37
Tacikistan və Mərkəzi Asiya xalqlarını bir-biri ilə tarix və mədəni xüsusiyyətlər bağlayır.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyon Daşkənddə keçirilən "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" beynəlxalq konqresində bildirib.
"Mədəniyyət maarifləndirmədir, milli özünüdərkin özəyi və sülhün təminatçısıdır", - o deyib və mədəni irsin qorunmasının Tacikistan üçün prioritet istiqamət olduğunu qeyd edib.
O, Mərkəzi Asiyanın intellektual mərkəz rolunun bərpasının vacibliyini vurğulayıb və gəncləri mədəniyyətin qorunmasına həsr olunmuş tədbirlərdə iştirak etməyə çağırıb.
"Mədəniyyət münaqişələrin qarşısını ala bilən qüvvədir. O, başa düşməyi və birləşdirməyi öyrədir. Məhz buna görə zəngin dini və etnik müxtəlifliyə malik olan regionumuzda mədəniyyətlər və dinlər arasında dialoqun inkişafı xüsusi əhəmiyyət kəsb edir", - nazir bildirib.